AZ

ELAN

Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olması regionun gələcəyini müəyyənləşdirən ən mühüm amillərdəndir. Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin sarsılmaz qətiyyəti, ordumuzun gücü sayəsində 2020-ci ilin Vətən müharibəsindən sonra yaranmış yeni geosiyasi reallıqlar fonunda Azərbaycan və Ermənistan arasında etimad quruculuğu istiqamətində atılan hər bir addım xüsusi əhəmiyyət kəsb edir. Bu mənada Bakı ilə İrəvan arasında ilk çarter reysinin həyata keçirilməsi, İrəvanda vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə baş tutan görüş və aparılan müzakirələr iki xalq arasında uzun illərdir mövcud olan buzları əridə biləcək real təşəbbüslər kimi qiymətləndirilir.

Bu proses rəsmi danışıqlara və danışıqlar müstəvisində əldə olunan uğurlu nəticələrə paralel olaraq həm də ictimai səviyyədə etimadın bərpasının başlanğıcıdır. Danılmaz həqiqətdir ki, sülh təkcə siyasətçilərin masasında deyil, cəmiyyətlərin düşüncəsində və münasibətlərində də qurulmalıdır. Yalnız bu halda keçmişin ağrılı səhifələrini qapadaraq iki ölkə və xalq arasında əbədi sülhə nail olmaq, Cənubi Qafqaz regionunu sabitlik, davamlı inkişaf, rifah və xoşbəxtlik məkanına çevirmək mümkün olacaq.  

Tərəflər siyasi iradə nümayiş etdirir

İrəvanda keçirilən görüşdə hər iki ölkədən vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı tərəflərin siyasi iradə nümayiş etdirdiyini və sülhün ictimai əsaslarını yaratmaq niyyətində olduqlarını göstərir. Uzun illər düşmənçilik və nifrət ritorikası ilə formalaşmış düşüncələri dəyişmək üçün məhz bu cür "yumşaq diplomatiya" təşəbbüsləri vacibdir.

Bakı ilə İrəvan arasında ilk təyyarə reysinin həyata keçirilməsi də simvolik baxımdan mühüm hadisədir - bu, sülhün yalnız kağız üzərində deyil, həyatın konkret reallığında təzahür etməyə başladığını göstərir. Hər iki xalq üçün bu reys illərin təcridini aradan qaldıran, bir-birini görmək, anlamaq, dialoqa girmək üçün açılmış bir "hava körpüsü" rolunu oynayır.

İrəvanda keçirilən görüşə paralel olaraq Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğal dövründən bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırdı. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstana dövlət səfəri zamanı Qazaxıstan Prezidenti Kasım-Æomart Tokayevlə mətbuata birgə bəyanatında elan etdi. Azərbaycan üzərindən ilk belə tranzit yük isə Qazaxıstan taxılının Ermənistana daşınması oldu. "Zənnimcə, bu həm də Azərbaycan ilə Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir", - deyə Azərbaycan Prezidenti bəyan etdi.

Bunun qarşılığında Ermənistanın Baş naziri Nikol Paşinyan Tbilisidə keçirilən V Yubiley İpək Yolu Forumunda çıxışı zamanı Azərbaycan Prezidentinə təşəkkürünü bildirdi.

 

İki ölkənin birbaşa təşəbbüsü ilə

Bütün bunlar iki ölkənin real sülhə doğru sürətlə irəlilədiyini, sülh razılaşmalarının praktik addımlarla həyata keçirildiyini, Azərbaycan və Ermənistan arasında aparılan danışıqların artıq təkcə siyasi deyil, ictimai müstəvidə də inkişaf edərək vacib mərhələyə keçidini göstərir. Bu gedişatın ən diqqətçəkən məqamlarından biri Qərb institutlarının prosesdən kənarda olmasıdır. Ən önəmlisi odur ki, bu dəfə proses Qərb institutlarının diktəsi olmadan, iki ölkənin birbaşa təşəbbüsü ilə həyata keçirilir. 

Belə bir amilə xüsusi diqqət yetirməyimiz təsadüfi deyil. Məlumdur ki, uzun illər ərzində Qərb vasitəçiləri regionda sülh gündəliyinə nəzarət etməyə, tərəflərə öz şərtlərini diktə etməyə çalışırdılar. Lakin bu yanaşma heç bir nəticə vermədi, əksinə, Qərbin regionda öz maraqlarını qurduğu oyunlar bir çox halda iki xalqın saysız-hesabsız faciələrinə çevrildi, nəticəsiz sülh prosesi uzandıqca uzandı, bunun ən böyük əziyyətini isə işğala məruz qalmış Azərbaycan çəkdi. Eyni zamanda Ermənistan da Qərbin fitvasına uyaraq uzun illər işğalçı mövqeyindən geri çəkilməməklə özünü girdaba yuvarladı.  

Artıq işğal problemi aradan qaldırıldıqdan, ərazi bütövlüyümüz, suverenliyimiz tam təmin olunduqdan, düşmənçilik münasibətlərini gələcəkdə də davam etdirmək üçün böyük bir əsas qalmadıqdan sonra Azərbaycan və Ermənistan gələcək nəsillərin də eyni problemlərdən əziyyət çəkməməsi üçün öz aralarında, kənar müdaxilə olmadan, qarşılıqlı maraqlara əsaslanan etimad quruculuğu prosesi aparırlar. Bu, Azərbaycan və Ermənistan liderlərinin regionun müstəqil və məsuliyyətli şəkildə gələcəyini müəyyənləşdirməyə başladıqlarının göstəricisidir.

Uzunmüddətli prosesin başlanğıcı

Vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü hələ başlanğıcdır, lakin bu, gələcək illərdə sülhün dərinləşməsi üçün zəruri psixoloji və ictimai bazanı formalaşdıra bilər. Həm Azərbaycan, həm Ermənistan cəmiyyətləri uzun illər müharibə şəraitində yaşayıblar. Xüsusən Azərbaycanda bütöv bir nəsil müharibə və itkilər reallığında yetişərək formalaşıb. Qonşumuzun işğalçılıq siyasəti üzündən Birinci və İkinci Qarabağ müharibələrində verdiyimiz itkilərin yarası hələ sağalmayıb və heç zaman da sağalan deyil. Bununla belə eyni coğrafiyada, qonşuluq şəraitində yaşamalı olan iki xalq arasında sülh də ən böyük zərurətdir. Bu zərurət ən çox gələcək nəsilləri qorumaq, regionumuzda inkişaf proseslərinə yarana biləcək əngəlləri ortadan götürmək üçündür. Keçmişin kin-küdurətinin birdəfəlik unudulması, sülhün davamlı olması üçün isə insanların düşüncəsində etimad mühitinin yaradılmasına ehtiyac var. Tərəflər bir-birini düşmən kimi deyil, qonşu və tərəfdaş kimi görmək vərdişini bərpa etməlidir. Bu baxımdan müxtəlif səviyyələrdə keçirilən davamlı görüşlər mühüm əhəmiyyət daşıyır. Bu görüşlər Vaşinqtonda başlanan sülh prosesinin davamı və tərkib hissəsi kimi qiymətləndirilə bilər.

Belə görüşlərdən biri də Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarova ilə Ermənistan parlamentinin sədri Alen Simonyan arasında keçirilən görüş oldu. Parlament rəhbərlərinin görüşü xüsusilə parlament diplomatiyası müstəvisində müsbət təsirlər yarada bilər. Parlament diplomatiyası xalqları yaxınlaşdıran, siyasətçilər səviyyəsində dialoqu ictimai sferaya daşıyan mühüm mexanizmdir. 

Ermənistan cəmiyyəti revanşistlərdən təmizlənməlidir

Azərbaycan və Ermənistanın sürətlə irəli apardığı sülh prosesləri qarşısında müəyyən maneələr, təhdidlər də var. Hazırda sülhə əsas təhdidlərdən biri Ermənistan daxilindəki revanşist qüvvələrdir. Xüsusilə sabiq prezidentlər Robert Koçaryan və Serj Sarkisyanın rəhbərlik etdikləri "Qarabağ klanı" regionda sabitliyə təhlükə yaradan başlıca amillərdən biri kimi çıxış edir. Bu qüvvələr hələ də köhnə illüziyalarla - "itirilmiş ərazilərin qaytarılması", "status" və sairə kimi reallıqdan uzaq ideyalarla yaşamaqdadırlar. Əlbəttə, Azərbaycanın getdikcə daha da qüdrətlənən ordusu, qlobal mövqeləri qarşısında nə qədər gücsüz olduqları bu quldur siyasətçilərin özlərinə də yaxşı bəllidir. Onlar yaxşı bilirlər ki, yenidən xam xəyallara düşüb Azərbaycana qarşı işğal üçün hərəkətə keçmək istəyənləri "Dəmir yumruğ"un bircə ölümcül zərbəsi gözləyir. Bu zəhərli insanların məqsədi dillərində Ermənistanın daxili auditoriyasını qızışdırmaq üçün söylədikləri deyil, ürəklərində gizlətdikləri xəbis niyyətlərdir. Onlar Ermənistan cəmiyyətini yenidən müharibə düşüncəsinə sürükləmək, kilsə və xaricdəki erməni diasporundan dəstək alaraq Paşinyan hökumətini zəiflətmək, beləliklə, hakimiyyəti qamarlayıb korrupsioner, oğru mahiyyətləri ilə yenidən ölkəni çapıb-talamaq istəyirlər.

Halbuki Ermənistan xalqı yeni müharibə istəmir. İnsanlar sosial rifah, iqtisadi sabitlik və gələcək təminat arzusundadırlar. Buna görə də revanşist düşüncələrin cəmiyyətdən təmizlənməsi, milli prioritetlərin dəyişməsi sülhün bərqərar olması üçün əsas şərtdir.

Ermənistanda Gümrü şəhərinin meri Vardan Qukasyanın həbsi də bu ölkədəki daxili siyasi təzyiqlərin və revanşist strukturların qarşıdurmasının göstəricisidir. Daha bir maraqlı məqam isə Avropa institutlarının bu həbs hadisəsi qarşısında nümayiş etdirdikləri tam susqunluqdur. Bu da Qərbin necə ikili standartlar əsasında fəaliyyət göstərdiyini bir daha nümayiş etdirir. Çünki şəhərin seçilmiş merinə qarşı eyni həbs addımı Ermənistanda deyil, Azərbaycanda baş versəydi, Qərb dairələri dərhal "demokratiya", "insan haqları", "yerli özünü-idarəetmənin müstəqilliyi" kimi anlayışlarla səs-küy salmağa başlayacaqdılar.

Lakin söhbət Ermənistandan gedəndə heç kim bu barədə danışmağa lüzum bilmir, eyni dairələr "ikili standartlar"ın kölgəsində daldalanırlar. Bunun özü də bir daha göstərir ki, regionda sülhün və demokratik münasibətlərin təmin edilməsi üçün əsas məsuliyyət bunun marağında belə olmayan hər hansı Qərb institutunun deyil, məhz region ölkələrinin öz üzərinə düşür.

İrəvanda keçirilən vətəndaş cəmiyyəti görüşü, parlament rəhbərlərinin dialoqu və Bakı ilə Yerevan arasında ilk çarter reysi Cənubi Qafqazda sülhə aparan real yolun başlanğıcını simvolizə edir. Bu həm siyasi, həm də mənəvi səviyyədə yeni səhifənin açılması deməkdir.

Sülh bir sənədin imzalanması ilə deyil, qarşılıqlı etimadın möhkəmlənməsi, cəmiyyətlərin bir-birini tanıması və qəbul etməsi ilə formalaşır. Qarşıda hələ uzun və çətin bir yol var, lakin bu yolun başlanması artıq region üçün ən böyük qələbədir.

İradə ƏLİYEVA,

"Azərbaycan"

Seçilən
28
azerbaijan-news.az

1Mənbələr