Təcrübə göstərir ki, harada tədbir varsa, orada xəstəlik yoxdur
Son vaxtlar heyvanlar arasında dabaq xəstəliyinin yayılması əhali arasında ciddi rahatsızlığa səbəb olmuşdur. İstehsalçı olan insanlarımız hətta ət, süd və digər heyvandarlıq məhsullarını almaqda tərəddüd edirlər.
Dabaq itigedişli yüksək kontagioz virus xəstəliyidir. Qızdırma, ağız selik qişasında, dəridə, yelində, dırnaqarası nahiyələrdə aftaların əmələ gəlməsi, cavan heyvanlarda isə miokardın və skelet əzələlərinin zədələnməsi ilə müşayiət edilir. Öncə yoluxmuş heyvanın axsaması müşahidə olunur, sonra ağzından selik axır, ana heyvanların yelinləri yoluxur. Xəstəlik südün azalmasına, çəki itkisinə səbəb olur. Yoluxmuş heyvanın temperaturu yüksəlir, qidalanması xəstəliyin şiddətindən asılı olaraq azalır və ya dayanır. Cütdırnaqlı heyvanlardan savayı, dəvələr, nadir hallarda atlar və digər heyvanlar da bu xəstəliyə yoluxa bilər.
Dabaq virusu xəstə heyvandan ətraf mühitə ağız suyu, süd, heyvanların təbii tullantıları, maldarların əyinlərindəki geyimlər, nəqliyyat vasitələri, hətta küləklə yayılır. Xəstəlik təsərrüfatlara böyük ziyan vura bilir. Ölümün 0,2-0,5 faizə, buzovlarda hətta 50 faizə çatdığı vaxtlar olur. Məsələn, yaşlı nəsil keçən əsrdə dabaq pandemiyası olduğunu yaxşı xatırlayar. Həmin dövrdə mal-qara arasında itkilərin çox olduğu deyilir. Lakin bu xəstəlik Azərbaycanda endemik xəstəlik sayılır. Başqa ölkələrdən də yayıla bilər. Ümumiyyətlə, dabaq həmişə olub və gələcəkdə də olacaq. Bir iş yaxşıdır ki, xəstəliyin heyvandan insana yoluxması ehtimalı azdır. Nadir hallarda yoluxma baş versə də, tez keçir və ağırlaşma olmur.
Ölkəmizdə dabaqla mübarizə tədbirləri sistemli xarakter daşıyır. İldə iki dəfə, adətən yazda və payızda heyvanlar dabağa qarşı vaksinasiya edilir. Bu da ya yoluxmanın qarşısını alır, ya da yoluxma yüngül keçir. Yeri gəlmişkən, qeyd edək ki, dabaq sağalmaz xəstəlik deyil. Ən pis halda buzovlarda və cavan danalarda ağır keçə, boğaz heyvanlarda da balaatma ilə nəticələnə bilər. O ki qaldı müalicəsinə, yaşlı və orta yaşlı insanların yadında olar - kiçik fərdi təsərrüfatlarda heyvan sahibi öz mal-qarasını dabaqdan müalicə etmək üçün üzüm sirkəsi ilə qoyulmuş göyəmdən istifadə edər, turşunu əzib heyvanın boğazına tökərdi, yəni heyvana içirərdi və bunu bir neçə gün davam etdirərdi, heyvan sağalardı. İndi isə xəstəliyə qarşı vaksinlər, xüsusi preparatlar mövcuddur. Amma araşdırmalar göstərir ki, nədənsə maldarlar bu dərmanların təsirinin az olmasından gileylənirlər.
Təcrübə göstərir ki, hansı rayonda baytarlıq idarəsində bu işə məsuliyyət hissi ilə yanaşılırsa, orada xəstəliyə yoluxma halları az olur. Cəlilabad Rayon Baytarlıq İdarəsinin işini bu baxımdan qənaətbəxş hesab etmək olar. Baş baytar Vüsal Rzayev deyir ki, rayonda 90 min baş qaramal, 120 min baş davar var. 70 min baş qaramal, 50 min baş davar arasında peyvəndləmə aparılıb. İdarəyə müraciət edən 70 heyvandar fermerin təsərrüfatı dezinfeksiya edilib. Bunlarla bərabər, Heyvan Sağlamlığı və Baytarlıq İdarəsinin 5 nəfər baytarının, habelə 24 özəl baytarın səyləri ilə demək olar ki, gündəlik olaraq monitorinqlər keçirilir. Qızdırması, ağız boşluğunda, ayağında yaralar olan heyvanlar aşkar edilərək müalicə edilir. Heyvan kəsimi məntəqəsində yoluxucu xəstəliyə qarşı dezobaryer yaradılıb. Bütün bunların nəticəsidir ki, heyvanlar arasında cəmi 2 baş ölüm halı qeydə alınıb.
Rayonun Uzuntəpə kəndində yaşayan Vahid Əliyevin təsərrüfatında 100 baş inək və camış, 240 baş qoyun var. Deyir ki, rayon baytarlıq xidmətinin işçilərindən razıdır: "Hər çağırışımıza vaxtında gəlirlər. Bu yaxınlarda heyvanlar arasında qızdırma vardı. Baş baytar Vüsal Rzayevə telefon açıb bunu dedim. Həmin saat 2 baytar göndərdi. Heyvanlarda yoxlama apardılar, dava-dərman etdilər. Bununla da dabaq xəstəliyi keçib getdi".
Vahid Əliyev əslən lerikli olduğundan gözünü açandan heyvandarlıqla məşğuldur, təcrübəsi çoxdur. Elə buna görə son 4 ay ərzində cəmi bir quzusu tələf olub.
Qida Təhlükəsizliyi Agentliyinin Şirvan-Salyan Regional İdarəsinin rəisi Ruslan Əsədov yayılan dabaq xəstəliyi ilə bağlı vaxtaşırı monitorinqlər keçirdiklərini, lakin rayonların əksəriyyətində ət kəsimi məntəqələrinin olmadığını və bunun yoxlamaların vaxtında və keyfiyyətlə aparılmasına əngəl yaratdığını bildirdi.
Seyran CAVADOV,
"Azərbaycan"