AZ

Türk ekspert: TRIPP təşəbbüsü regionda sabitlik və rifahın əsas dayaqlarından birinə çevriləcək

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 29 oktyabr, AZƏRTAC

Düşənbə Sammitində sonra Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistana yükdaşımalarla bağlı məhdudiyyətlərin aradan qaldırılacağını elan etməsi regional iqtisadi inteqrasiyanın real şəkildə başlanması deməkdir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında türkiyəli politoloq Hüsaməddin İnaç deyib.

Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyanın da Azərbaycan və Türkiyə ilə bağlı bütün məhdudiyyətlərin, o cümlədən logistika sahəsindəki məhdudiyyətlərin aradan qaldırılmasına razılıq verməsi mühüm tarixi dönüş nöqtəsidir.

Politoloq vurğulayıb ki, Zəngəzur dəhlizi (TRIPP) layihələrinin inkişafı xüsusilə Orta Dəhlizin rəqabət qabiliyyətini və onun beynəlxalq tranzit marşrutu kimi rolunu əhəmiyyətli dərəcədə artıracaq. “Bu təşəbbüslər Çinin “Bir kəmər və bir yol” layihəsi ilə uzlaşaraq Cənubi Qafqazda Azərbaycan, Gürcüstan və Ermənistan vasitəsilə Türkiyə və Avropa ilə yeni kommunikasiya körpüsü yaradacaq”, – deyə ekspert qeyd edib.

Onun fikrincə, bu təşəbbüslərin ABŞ tərəfindən də dəstəklənməsi regionda etimad mühitinin bərpasına və uzunmüddətli sabitliyin təmin edilməsinə mühüm töhfə verəcək. “Cənubi Qafqazda yaranan sabitlik Orta Şərqdə atəşkəs və sülh proseslərinə də müsbət təsir göstərəcək. Azərbaycanın təbii qazının Suriyaya ötürülməsi, həmçinin Qəzzada yaradılması planlaşdırılan beynəlxalq sabitlik qüvvələrinə Azərbaycanın mümkün qoşulması regionun geosiyasətində yeni mərhələnin əsasını qoyacaq”, – deyə İnaç bildirib.

Ekspert əlavə edib ki, TRIPP təşəbbüsünün həm dəmir, həm də avtomobil yollarını əhatə etməsi nəqliyyat xərclərinin azalmasına və daha səmərəli alternativ marşrutların formalaşmasına imkan yaradacaq. Onun sözlərinə görə, təşəbbüsün İran istiqamətində genişləndirilməsi bu ölkənin beynəlxalq sistemə inteqrasiyasını da mümkün edir. “Bu proses nəticəsində bölgədəki ziddiyyətlər və qarşıdurmalar əməkdaşlıq və ortaq maraqlarla əvəz olunacaq, Cənubi Qafqaza xarici təsirlərin müdaxiləsi isə əhəmiyyətli dərəcədə azalacaq”, - deyə o əlavə edib.

Hüsaməddin İnaç qeyd edib ki, Ukrayna–Rusiya müharibəsinin təsirləri nəticəsində ekspansionist siyasət aparan qüvvələrin birtərəfli müdaxilə cəhdləri regionun təhlükəsizliyinə ciddi təhdid yaradır. Belə bir şəraitdə TRIPP kimi təşəbbüslərin təmin etdiyi sabitlik, iqtisadi inteqrasiya və rifah paylaşımı indiki dövr üçün xüsusi strateji əhəmiyyət daşıyır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
1
azertag.az

2Mənbələr