
Bakı 13 saylı mediasiya təşkilatının direktoru İlham Mehtiyev Yevlax 1 saylı mediasiya təşkilatının direktoru Nigar Hüseynzadəni xüsusi ittiham qaydasında məhkəməyə verib.
AFN.az xəbər verir ki, Teleqraf-ın əldə etdiyi məlumata görə, İ.Mehdiyev həmkarını onun şərəf və ləyaqətini alçatmaqda, işgüzar nüfuzunu ləkələməkdə ittiham edib.
Tərəflərin mübahisəsi mediasiya təşkilatının rəhbərlərinin daxil olduğu vatsap qrupunda başlayıb.
Məhkəmədə ifadə verən Nigar Hüseynzadə bildirib ki, 2025-ci ilin yanvarında Y.Abdullazadə adlı şəxs ona müraciət edərək ərinin və özünün Yevlax rayon qeydiyyatında olmasına baxmayaraq, Bakı mediasiya təşkilatından ona sənəd gəldiyini deyib. Vətəndaşın bu məsələ ilə bağlı şikayəti əsasında İlham Mehtiyevin rəhbərlik etdiyi Bakı 13 saylı Mediasiya Təşkilatının mediatoruna Yevlax rayonuna aid işi icraatına götürdüyü üçün töhmət verilib.
Bundan sonra Nigar Hüseynzadə qrupda İlham Mehtiyevi “sənəd oğrusu” və “saxta arayış verən” adlandırıb.
Ağdam Rayon Məhkəməsində hakim Mahir Niftəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Yevlax 1 saylı mediasiya təşkilatının direktoru Nigar Hüseynzadə 1000 manat məbləğində cərimə edilib.