AZ

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Əliyar Əliyev torpağa tapşırılıb VİDEO  

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Əliyar Fərrux oğlu Əliyev oktyabrın 29-da paytaxtın Suraxanı rayonu ərazisində yerləşən "Dədə Qorqud" qəbiristanlığındakı Şəhidlər xiyabanında dəfn olunub.

AZƏRTAC xəbər verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri, Müdafiə, Daxili İşlər nazirliklərinin əməkdaşları, Suraxanı, Xətai və Sabunçu Rayon İcra hakimiyyətlərinin nümayəndələri, müharibə veteranları, şəhid ailələri və sakinlər iştirak ediblər.

İtkin şəhid yaylım atəşi və hərbi orkestrin müşayiəti ilə Dövlət Himnimizin sədaları altında torpağa tapşırılıb. Şəhidin ruhuna dualar oxunub, məzarının üzərinə əklil qoyulub, gül dəstələri düzülüb.

Tabutun büküldüyü Azərbaycanın Dövlət Bayrağı şəhidin yaxınlarına təqdim olunub.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsi şəhidi Əliyar Əliyev 1961-ci il yanvarın 5-də Ağdam rayonunun Kolqışlaq kəndində anadan olub. O, 1992-ci il mayın 8-də Şuşa istiqamətində gedən döyüşlərdə itkin düşüb.

Əliyar Əliyev Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və şəxsiyyətləri müəyyənləşdirilərək bu gün dəfn olunan dörd şəhiddən biridir.

Seçilən
6
16
azerbaijan-news.az

10Mənbələr