AZ

Ukraynanın Rusiyaya uduzmamasının iki mühüm səbəbi KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Rusiya səfirliyinin “Kiyev çoxdan məğlub olardı, lakin Qərb münaqişəni uzadır” bəyanatı beynəlxalq gündəmdə geniş müzakirələrə səbəb olub. Səfirliyin bu mövqeyi bir çoxları tərəfindən Qərbin Ukraynaya dəstəyini legitimləşdirməyə qarşı yönəlmiş informasiya təxribatı kimi qiymətləndirilir. Maraqlıdır, bu arqument nə dərəcədə əsaslıdır və hadisələrin real mənzərəsini əks etdirirmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Oqtay Qasımov bildirib ki, Rusiya səfirliyinin arqumenti müəyyən qədər başa düşüləndir:

“Rusiya Ukraynaya hücum edərkən Kiyevə ciddi dəstək yox idi. Hətta Qərb dövlətləri, o cümlədən ABŞ Ukrayna rəhbərliyinə ölkəni tərk edib xaricdə mühacir hökumət yaratmağı təklif etmişdi. Lakin Zelenski və hökumət üzvləri bunu rədd edərək müqaviməti təşkil etdilər. Rusiya Ukraynanı 3-4 günə, maksimum bir həftəyə məğlub etməyi planlaşdırsa da, bu plan baş tutmadı.”

Ekspertin sözlərinə görə, Ukraynanın müharibədə bu qədər uzun müddət tab gətirməsində iki əsas amil rol oynayıb:

“Birincisi, Ukrayna xalqının, hakimiyyətinin və ordusunun effektiv müqaviməti, ikincisi isə Qərbdən gələn hərbi və maliyyə dəstəyi. Müharibənin əvvəlində Ukrayna hərbi ləvazimat çatışmazlığı ilə üzləşmişdi, lakin sonradan xarici asılılığını 90 faizdən 40 faizə qədər azalda bildi.”

Oqtay Qasımov hesab edir ki, Rusiya səfirliyinin arqumenti birtərəfli yanaşmadır:

“Əgər Qərb Ukraynaya dəstək verməsəydi, bəli, Ukraynanın vəziyyəti ağır ola bilərdi. Amma eyni arqumentlə demək olar ki, İran Rusiyanı “Şahid” dronları və raket sistemləri ilə, Şimali Koreya isə artilleriya mərmiləri və canlı qüvvə ilə təmin etməsəydi, Rusiya da bu gün çox çətin vəziyyətdə olardı. Üstəlik, Moskva Çindən də dolayısı ilə dəstək alır.”

Siyasi şərhçinin fikrincə, səfirliyin bəyanatı daha çox təxribat və manipulyasiya məqsədi daşıyır:

“Rusiya unutmamalıdır ki, hər bir müharibədə döyüşən tərəflərə müəyyən dərəcədə yardım olunur. Ona görə də Qərbin dəstəyini təkcə münaqişəni uzatmaq kimi təqdim etmək obyektiv mövqe deyil.”

Aynurə İsmayıl

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
1
konkret.az

2Mənbələr