Xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunan şirkət rəhbəri Üzeyir Həsənov barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Bu gün Ali Məhkəmədə hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.
Qərara əsasən, təqsirləndirilən şəxsin ittiham olunduğu 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi 179.3.2-ci ( Mənimsəmə, külli miqdarda törədildikdə) maddəsinə tövsif edilib. Həmçinin təqsirləndirilən şəxsin cəzası 10 ildən 8 ilə endirilib.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən şəxs 11 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Bakı Apellyasiya Məhkəməsi cəzanı 10 ilə endirib.
İttihama görə, Üzeyir Həsənov Müdafiə Nazirliyinin sifarişi əsasında rayonlardan birində silah-sursat anbarının tikintisi, o cümlədən, ərazinin abadlaşdırılması, mebel avadanlıqlarının quraşdırılması üçün büdcədən ayrılmış vəsaiti mənimsəyib.