Media nümayəndələri dünən təməli qoyulan Cəbrayıl şəhər məscidi tikiləcək ərazidə olublar.
APA xəbər verir ki, jurnalistlərə məscidin ümumi sahəsinin 1530 kvadratmetrdən çox olacağı bildirilib.
Qeyd olunub ki, burada eyni vaxtda 615 nəfər ibadət edə biləcək. İkimərtəbəli məscid binasında eyni anda kişilərin və qadınların ibadət etmələri üçün şərait olacaq. Məsciddə icma zalı, avtomobil dayanacağı, söhbətgah yaradılacaq. Məscidin minarələrinin hündürlüyü 34,2 metr, günbəzin hündürlüyü isə 22,6 metr olacaq.
Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyyə Rzayeva bildirib ki, işğaldan əvvəl Cəbrayıl rayonunda 5 məscid, 40-dan çox ziyarətgah, 20-dən artıq tarixi-memarlıq abidəsi olub. İşğal dövründə digər ərazilərimizdə olduğu kimi, bu rayondakı tarixi-dini abidələrimiz ermənilər tərəfindən məhv edilib. Torpaqlarımızın işğaldan azad edilməsindən sonra Qarabağın və Şərqi-Zəngəzurun tarixi-dini və mədəni abidələrinin bərpası, yenilərinin inşası istiqamətində Azərbaycan dövləti tərəfindən mühüm işlər görülüb. Bu xüsusda 2017-ci ildə Cocuq Mərcanlı kəndində inşa edilən, Şuşa məscidinin bənzəri olan məscidi qeyd etmək olar.
Qeyd edək ki, Prezident İlham Əliyev oktyabrın 28-də Cəbrayıl şəhər məscidinin təməlini qoyub.