AZ

“Şərqi Zəngəzur Azərbaycanın ixrac imkanlarını genişləndirəcək” -Deputat

Prezident İlham Əliyev Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinləri ilə görüşdə bildirib ki, Zəngilan yaxın illərdə mühüm nəqliyyat mərkəzinə çevriləcək. Dövlət başçısının sözlərinə görə, həm Zəngəzur, həm də Araz dəhlizləri bu bölgədən keçəcək və bu, regionun, eləcə də bütün Qarabağ və Şərqi Zəngəzurun gələcəyini parlaq edəcək.

Zəngilanın nəqliyyat mərkəzinə çevrilməsi yerli biznes və investisiya mühitinə hansı yeni imkanlar gətirəcək? Zəngəzur və Araz dəhlizlərinin fəaliyyəti Azərbaycanın ixrac potensialını artıracaqmı?

Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirdi ki, pezidentin Cəbrayıl və Zəngilana səfəri zamanı bölgədə görülən işlərlə tanış olması və yeni təməlqoyma mərasimlərinin keçirilməsi Şərqi Zəngəzurun yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir:

"İşğaldan azad olunmuş ərazilərdə infrastrukturun sürətlə bərpası ilə yanaşı, həmin bölgələrə sərmayənin cəlb edilməsi də əsas prioritetlərdən biridir. İnfrastrukturun, nəqliyyat və logistikanın inkişafı Şərqi Zəngəzura daha çox sərmayənin yönəlməsinə şərait yaradır. Hazırda Şərqi Zəngəzur regionun mühüm nəqliyyat habına çevrilməkdədir. Sərmayələrin artması isə iqtisadi rayonun ixrac imkanlarını genişləndirəcək. Bu baxımdan Şərqi Zəngəzurun sənaye, aqrar və turizm sahələrində böyük potensiala malik olması xüsusi əhəmiyyət daşıyır. Bölgənin təbii ehtiyatlarla zəngin olması sənayenin inkişafı üçün əlavə imkanlar açır və Azərbaycanın qeyri-neft ixracının artırılmasına töhfə verir".

Deputat əlavə etdi ki, Şərqi Zəngəzur və Qarabağda istehsal edilən məhsulların mövcud nəqliyyat dəhlizləri vasitəsilə ixracı ölkəyə əlavə valyuta axını təmin edəcək.

"Nəticə etibarilə, yaxın gələcəkdə qeyri-neft sektorundan əldə olunan gəlirlərdə Qarabağ və Şərqi Zəngəzur əsas drayverlərdən birinə çevriləcək. Bu isə həmin iqtisadi rayonlarda iqtisadiyyatın formalaşması və sürətli reinteqrasiya prosesinin göstəricisidir", - deyə Vüqar Bayramov qeyd etdi.

Xədicə BAXIŞLI 

Seçilən
24
redaktor.az

1Mənbələr