AZ

ATU və MAHSA Universiteti arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Bakı, 29 oktyabr, AZƏRTAC

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli Malayziyanın MAHSA Universitetinin rəhbərliyi ilə onlayn görüş keçirib.

ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüş Azərbaycanın Malayziyadakı səfirliyinin dəstəyi ilə təşkil edilib.

Görüş zamanı iki ali təhsil müəssisəsi arasında qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub. Hər iki universitetin rəhbərləri təmsil etdikləri ali məktəblər haqqında ətraflı məlumat verib və gələcəkdə birgə elmi-tədqiqat layihələrinin, tələbə və müəllim mübadiləsinin, həmçinin digər akademik fəaliyyətlərin həyata keçirilməsi istiqamətində əməkdaşlıq perspektivlərini dəyərləndiriblər.

ATU-nun rektoru çıxışında universitetin tədris proqramlarının beynəlxalq akkreditasiyadan keçdiyini, hazırda xarici tələbələrin sayına görə ölkədə birinci yerdə olduğunu və bu sahədə əldə edilən uğurların Azərbaycan tibb təhsilinin beynəlxalq səviyyədə tanınmasına xidmət etdiyini vurğulayıb. O qeyd edib ki, belə görüşlər ali təhsil müəssisələri arasında akademik əməkdaşlığın genişlənməsi, elmi biliklərin mübadiləsi və tələbələr üçün yeni təcrübə imkanlarının formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir. Gəray Gəraybəyli bu istiqamətdə əməkdaşlığın davamlı və səmərəli olacağına inamını, eyni zamanda, universitetlər arasında anlaşma memorandumunun imzalanmasının fayda verəcəyini qeyd edib.

MAHSA Universitetinin qurucusu senator professor Tan Sri Dr. Hj. Mohamed Haniffa isə çıxışı zamanı bildirib ki, 2004-cü ildə Malayziyanın paytaxtı Kuala-Lumpurda əsası qoyulan MAHSA Universiteti dünyanın ən nüfuzlu təhsil ocaqlarından biridir. O qeyd edib ki, universitet “Quacquarelli Symonds (QS)” Agentliyinin beynəlxalq reytinq cədvəlində yer alır və 97 proqram üzrə bakalavr, magistratura və doktorantura pillələrində kadr hazırlığı aparır. Hazırda universitetdə Müalicə işi, Stomatologiya, Tibb bacısı işi, Əczaçılıq, Sağlamlıq elmləri və Biologiya kimi fakültələr fəaliyyət göstərir. MAHSA Universitetində hazırda 75 ölkədən olan tələbələr təhsil alır. Professor anlaşma memorandumunun imzalanması ideyasını tam dəstəklədiyini ifadə edib.

Görüşdə ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Orxan İsayev, Azərbaycanın Malayziyadakı səfirinin müşaviri Sərxan İsmayılov, birinci katibi Şəbnəm Kərimova iştirak ediblər.

 

 

Seçilən
13
3
azertag.az

4Mənbələr