AZ

Ev almaq istəyənlərin nəzərinə: “1055 mənzilin satışı davam edir”

Məlum olduğu kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının Ramana və Ümid qəsəbələrində, həmçinin Abşeron və Samux rayonlarında yeni yaşayış binalarında mənzillərin satışını həyata keçirilir.

Əvvəllər qaçqın və məcburi köçkün ailələri üçün nəzərdə tutulmuş bu mənzillər 3 və 4 otaqlı olmaqla tam təmirli və çıxarışlıdır. Mənzilləri həm nağd, həm də ipoteka krediti ilə almaq olar.

Yerləşmə ərazisindən asılı olaraq isə mənzillərin 1 kvadratmetr üçün qiyməti 435-850 AZN aralığında dəyişir.

Bəs hazırda qeyd olunan layihələr çərçivəsində neçə mənzil satılıb və neçə mənzil satışa çıxarılacaq?

Mövzu ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Cebheinfo.az”-a verilən məlumata görə, hazırda 1055 mənzilin satışı davam edir:

“Mənzillər Bakının Ramana və Ümid qəsəbələrində, Abşeron və Samux rayonlarında yeni yaşayış binalarındadır. Satışdan əldə olunan vəsait ölkəmizin digər bölgələrində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə təminatına yönəldiləcək.

Hər biri 3 və 4 otaqlı olan bu mənzillərin satışı ms.sosial.gov.az portalı üzərindən onlayn qaydada həyata keçirilir. Mənzillər tam təmirlidir, istifadə olunmayıb və çıxarışlıdır. Onları banklara müraciət etməklə ipoteka krediti ilə də almaq olar”.

Nazirlikdən bildirilir ki, mənzillərdən almaq istəyən şəxslər qeyd edilən portala daxil olaraq mənzillərlə tanış ola, almaq istədiyi mənzili seçərək onu portaldakı “Bron et” düyməsini sıxmaqla bron edə bilər:

“Mənzilləri bron etmək istəyən şəxs bunun üçün ASAN Loginin autentifikasiya vasitələrindən (identifikasiya nömrəsi, SİMA rəqəmsal imza, ASAN imza, SİMA Token (elektron imza), BSXM Elektron imza) birinə malik olmalıdır.

Mənzili ilk bron etmiş şəxs həmin mənzili almaq hüququ qazanır, ondan əlavə 2 şəxsin də həmin mənzili bron etmək imkanı var. İlk bron etmiş şəxs mənzili almaqdan imtina etdikdə, mənzili almaq hüququ onu bron etmiş digər şəxsə keçir.

Mənzili bron etmiş şəxslə Nazirlik arasında 10 gün müddətində dəyəri tam ödənilməklə mənzilə dair notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanır. Bir hüquqi və ya fiziki şəxs satılan mənzillərdən istədiyi sayda mənzil ala bilər.

Mənzillərin qiyməti müstəqil qiymətləndirici tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən edilib. Əlavə məlumat əldə etmək istəyən şəxslər “142” Çağrı mərkəzinə müraciət edə bilərlər”.

Seçilən
10
6
cebheinfo.az

10Mənbələr