Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə nə Rusiya, nə də Belarus ərazisində görüşəcəyini bəyan edib.
Bu barədə “Levıy Bereq” nəşri məlumat yayıb.
Zelenskinin sözlərinə görə, o, mümkün üçtərəfli Rusiya-Ukrayna-ABŞ görüşü məsələsini ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoffla müzakirə edib. Prezident bildirib ki, əgər real nəticə əldə ediləcəksə, danışıqların harada keçirilməsinin əhəmiyyəti yoxdur.
“Əgər nəticə olacaqsa, qoy danışıqlar harada istəyirsiniz, orada keçirilsin. Bizim əsas məqsədimiz müharibəyə son qoymaqdır. Amma bu görüş nə Rusiya, nə də Belarus ərazisində baş tutacaq”, – deyə Zelenski qeyd edib.
Dövlət başçısı əlavə edib ki, onun üçün Macarıstanda belə üçtərəfli görüşün keçirilməsi problem deyil, lakin əsas maneə bu ölkənin Baş naziri Viktor Orbanın Kiyevə münasibətidir.
“Cebheinfo.az”