AZ

Kreml Qərbin Azərbaycan və Mərkəzi Asiya siyasətinə qarşı cəbhə açdı - "imkan vermərik"...


Lavrovun "açıq dil"lə danışması nə deməkdir?

Rusiya xarici işlər naziri Sergey Lavrovun son bəyanatı Moskva diplomatiyasında ton dəyişikliyinin baş verdiyini göstərir. O açıq şəkildə bildirdi ki, Qərbin Qafqaz və Mərkəzi Asiya ölkələrini Rusiyadan uzaqlaşdırmağa yönəlmiş səylərinə Moskva “mövcud olan bütün imkanlarla” qarşı çıxacaq.

Lavrovun sözlərinə görə, NATO və Avropa İttifaqı bu region ölkələri ilə yeni dialoqlar və əməkdaşlıq platformaları yaradaraq onları Rusiyadan ayırmağa çalışır. Nazir həmçinin qeyd edib ki, Rusiya heç vaxt razı olmayacaq onun müttəfiqləri və dostları Mərkəzi Asiya və Qafqazda Rusiyaya qarşı istifadə olunsun və ya onları Moskva əleyhinə yönəldən siyasətlərin alətinə çevirmək istəsinlər, çünki bu, həmin ölkələrin öz iqtisadi və siyasi maraqlarına da ziddir.

Əslində Kremlin bu düşüncədə olduğu uzun illərdir aydındır, lakin indiyədək bu narahatlıq diplomatik örtük altında, dolayı ifadələrlə səsləndirilirdi. Lavrovun bu dəfə açıq dillə danışması Moskvanın daxili gərginliyinin və beynəlxalq təcridinin artdığını göstərir. Bu açıqlama həm də Rusiyanın öz mövqeyini qorumağa çalışdığı regionlarda geosiyasi balansın dəyişməsindən doğan narahatlığın nəticəsidir.

Lavrovun sözləri Moskvanın daxili auditoriyasına “Rusiya hələ də regionda söz sahibidir”, xarici auditoriyaya isə “biz geri çəkilmirik, müqavimət göstərəcəyik” mesajını ötürür. Bu, diplomatik örtüyün qaldırılması deməkdir və Rusiya diplomatiyasının daha açıq, bəzən isə emosional fazaya keçdiyini göstərir. Güclü dövlətlər adətən belə mesajları qapalı kanallarla çatdırır, buna görə də Lavrovun açıq çıxışı həm güc nümayişi, həm də narahatlıq siqnalıdır.

Ukrayna müharibəsi nəticəsində Rusiya beynəlxalq təcrid vəziyyətinə düşüb. Qafqaz və Mərkəzi Asiya ölkələri, o cümlədən Qazaxıstan, Azərbaycan, Gürcüstan, Ermənistan və Özbəkistan balanslı siyasət aparmağa və Qərblə münasibətləri dərinləşdirməyə çalışır. Bu isə Moskva üçün “sferaların daralması” deməkdir.

Eyni zamanda, Avropa İttifaqı son illərdə regiona diplomatik və iqtisadi baxımdan fəal şəkildə daxil olub. Aİ-Mərkəzi Asiya sammitləri, “Global Gateway” təşəbbüsləri və Bakı üzərindən keçən enerji-nəqliyyat layihələri Qərbin bölgədəki mövqelərini gücləndirir.

Digər tərəfdən, sanksiyalar və uzunmüddətli müharibə Rusiyanın iqtisadi və hərbi imkanlarını zəiflədib. Moskva indi “biz hələ buradayıq” mesajını əsasən ritorika vasitəsilə verir. Bu, artıq real gücdən çox, psixoloji təsir formasıdır.

Bununla belə, Rusiya regionda müəyyən təsir alətlərini qoruyub saxlayır. Enerji və ticarət asılılığı Moskvanın əlindəki ən mühüm rıçaqlardandır. Qazaxıstan və Qırğızıstan enerji ixracının bir hissəsini Rusiya infrastrukturu vasitəsilə həyata keçirir. Ermənistan və Belarus iqtisadi baxımdan hələ də Moskvanın orbitindədir.

Bundan əlavə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi İttifaqı formal olaraq fəaliyyət göstərir və Kremlin siyasi təsir platforması kimi çıxış edir.

Rusiya, həmçinin, informasiya məkanında da müəyyən gücə malikdir. Rusdilli media, diaspor və elita təbəqələri vasitəsilə ictimai rəy formalaşdırmaq imkanı qalmaqdadır, xüsusilə Qırğızıstan, Ermənistan və Gürcüstanda bu təsir hiss olunur.

Lakin bu alətlərin effektivliyi getdikcə zəifləyir. Qazaxıstan və Özbəkistan Qərb və Çinlə paralel siyasət yürüdür, Ermənistan KTMT-dən uzaqlaşaraq Qərb təhlükəsizlik formatlarına meyllənir. Gürcüstan və Azərbaycan müstəqil manevr imkanlarını genişləndirib, Çin isə Mərkəzi Asiyada əsas iqtisadi oyunçuya çevrilərək Rusiyanın manevr sahəsini daraldır. Nəticədə Moskva sərt danışsa da, artıq regionun proseslərinə əvvəlki kimi yön verə bilmir.

Rusiya artıq Qafqaz və Mərkəzi Asiya regionlarını əvvəlki kimi nəzarətdə saxlaya bilmir, sadəcə təsir göstərməyə çalışır. Bu təsir çox vaxt diplomatik xəbərdarlıqlar, siyasi simvollar və ritorika səviyyəsində qalır. Yaxın illərdə Lavrovun bu kimi sərt bəyanatlarının daha tez-tez səslənməsi gözlənilir. Moskva bu yolla beynəlxalq səhnədə azalan nüfuzunu siyasi ritorika ilə kompensasiya etməyə çalışır. Amma reallıq budur ki, region artıq çoxqütblü geosiyasi məkan halına gəlib və Rusiya bu məkanın tək istiqamətvericisi olmaq imkanını itirib.

Akif NƏSİRLİ

Seçilən
30
baki-xeber.com

1Mənbələr