AZ

"Ermənistan Laçının su təchizatı infrastrukturu qəsdən və tamamilə məhv edib"

Ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə ekspert Nigar Qasımlı ilə müsahibə

- Su təhlükəsizliyi anlayışı nəyi ifadə edir və onun əsas komponentləri hansılardır?

- Su təhlükəsizliyi əhalinin, kənd təsərrüfatının və ekosistemlərin yetərli, təhlükəsiz və davamlı su ehtiyatları ilə təmin olunması deməkdir. Bu, BMT-nin davamlı inkişaf məqsədlərindən biri olan “Təmiz su və sanitariya” hədəfinin tələblərinə uyğundur. Bu hədəfə görə su resursları yetərli və əlçatan olmalı, insanlar bu suya sərfəli və fasiləsiz çıxış əldə etməlidirlər. Su gigiyenik və ekoloji baxımdan təhlükəsiz olmalı, resursların effektiv və ədalətli paylanması, istifadəsi və qorunması təmin edilməlidir. Eyni zamanda iqlim dəyişikliyi, təbii fəlakətlər və transsərhəd risklərə qarşı davamlı sistemlər qurulmalıdır.

- Dünyada su qıtlığı problem var. Bəs, Azərbaycanda?

- Azərbaycan su ehtiyatları baxımından məhdud imkanlara malik ölkələrdəndir. Ümumi su ehtiyatlarının təxminən 72 faizi xarici mənbələrdən — əsasən Gürcüstan, Ermənistan və Türkiyə üzərindən gələn çaylardan formalaşır. İllik adambaşına düşən su həcmi 1000–1100 m³ civarındadır ki, bu da beynəlxalq normalara görə su qıtlığı göstəricisidir. Problemin əsas səbəbləri iqlim dəyişikliyi, buxarlanmanın artması, yağıntıların azalması, sənayeləşmə və əhali artımı ilə suya olan tələbatın yüksəlməsidir. Bu səbəbdən işğaldan azad olunmuş ərazilərin su ehtiyatlarının yenidən qiymətləndirilməsi, yeni anbarların tikintisi və səmərəli idarəetmə sistemlərinin qurulması xüsusi aktuallıq kəsb edir.

- İqlim dəyişikliyi su ehtiyatlarının təhlükəsizliyinə hansı təsirləri göstərir?

- İqlim dəyişikliyi Azərbaycanda su ehtiyatlarının bölgələr üzrə qeyri-bərabər paylanmasına və hidrologiyanın dəyişməsinə səbəb olur. Əsas təsirlər yağıntıların azalması və fəsillər üzrə qeyri-sabitlik, qar örtüyünün az qalması nəticəsində çayların qidalanmasının zəifləməsi, buxarlanmanın artması nəticəsində su anbarları və göllərdə su səviyyəsinin aşağı düşməsi, həmçinin yazda güclü daşqınlar və yayda quraqlıqların yaranmasıdır. Bu dəyişikliklər Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədlərində iqlim riskləri, axın proqnozları və adaptiv idarəetmə modelləri vasitəsilə qiymətləndirilir.

- Transsərhəd su ehtiyatlarının istifadəsində beynəlxalq hüququn əsas prinsipləri hansılardır?

- Bilirsiniz ki, transsərhəd sularının idarə olunmasında əsas beynəlxalq hüquqi çərçivə 1997-ci il BMT Konvensiyası və Helsinki Prinsipləridir. Bu prinsiplərə görə bütün sahil dövlətləri su resurslarından bərabərhüquqlu istifadə hüququna malikdir, yuxarı axın ölkəsinin fəaliyyəti isə aşağı axındakı dövlətin hüquqlarını pozmamalıdır. Çay axını, su götürmə, çirklənmə və layihələr barədə qarşılıqlı məlumat mübadiləsi aparılmalıdır. Azərbaycan bu prinsiplərə sadiq qalaraq su ehtiyatlarının sülh, əməkdaşlıq və davamlılıq əsasında bölüşdürülməsini dəstəkləyir.

- Azərbaycanın işğaldan azad edilmiş Şərqi Zəngəzur regionunda aktual su təhlükəsizliyi riskləri hansılardır?

- İşğaldan azad edilmiş Şərqi Zəngəzur regionu su ehtiyatları baxımından strateji əhəmiyyət daşıyır. İşğal dövründə su anbarları, suvarma kanalları, nasoslar, boru xətləri və digər əsas su təchizatı infrastrukturu ya tamamilə sıradan çıxarılmış, ya da qəsdən məhv edilmişdir. Bu bölgədə su təhlükəsizliyi yalnız suyun mövcudluğu ilə deyil, onun təhlükəsiz, səmərəli və davamlı istifadəsi ilə bağlıdır. “Böyük Qayıdış” dövlət proqramı regionun yenidən məskunlaşdırılması və infrastrukturun bərpası üçün əsas sənəd hesab olunur. Sənəddə su təchizatı və suvarma sistemləri əsas infrastruktur komponenti kimi nəzərdə tutulur. Zəngilan və Laçın rayonlarında həyata keçiriləcək ağıllı kənd və ağıllı şəhər layihələri su təchizatı sistemlərinin ekoloji, təmiz və rəqəmsal nəzarətə əsaslanan şəkildə qurulmasını təmin edəcək.

- Şərqi Zəngəzurun Laçın rayonunda yenidən məskunlaşma aparılır, keçmiş məcburi köçkünlər öz yurdlarına dönür. Yenidən məskunlaşma və sənayeləşmə Laçında su resurslarının idarə olunmasına necə təsir edir?

- Laçın rayonunda keçmiş məcburi köçkünlərin öz yurdlarına dönməsi və eyni zamanda həyata keçirilən sənayeləşmə prosesi su resurslarının idarə olunmasına birbaşa və çoxşaxəli təsir göstərir. Bölgədə “Böyük Qayıdış” proqramı çərçivəsində minlərlə ailənin geri qayıtması planlaşdırılır. Bu, əhalinin artmasına səbəb olur və nəticədə içməli suya tələbat yüksəlir, suvarma üçün su ehtiyacı artır, tullantı sularının həcmi böyüyür və təmizləmə infrastrukturu tələb olunur. Azərbaycan dövləti artan tələbatı qarşılamaq məqsədilə müasir su infrastrukturunu mərhələli şəkildə qurur. Qarabağ və Şərqi Zəngəzur bölgəsinin fasiləsiz və daimi su təminatı üçün yeni su anbarlarının tikintisi planlaşdırılır. Su anbarlarının ümumi həcmi 100–70,556 kubmetr təşkil edəcək. Laçın şəhəri üçün içməli su mənbəyi olaraq subartezian quyuları nəzərdə tutulub. Mənbədən götürülən su su stansiyası vasitəsilə şəhərin ərazisində yerləşən altı su anbarına, hər biri 7,000 kubmetr həcmlə, ötürüləcək.

- Laçında su ehtiyatlarının səmərəli istifadəsi üçün hansı texnologiyalar və innovativ yanaşmalar tətbiq edilə bilər?

- Laçın rayonunda su ehtiyatlarının səmərəli istifadəsi müasir və innovativ yanaşmalarla təmin olunur. Ağıllı su idarəetmə sistemləri tətbiq edilərək su sərfiyyatı, təzyiq və sızmalara real vaxt rejimində nəzarət mümkün olur. Kənd təsərrüfatında damcı və mikro suvarma texnologiyaları su israfının qarşısını alır. Yağış sularının toplanması və texniki məqsədlərlə istifadəsi, həmçinin çirkab suların təmizlənərək təkrar istifadəsi resursların qənaətli idarə olunmasına imkan yaradır. Dövlətin həyata keçirdiyi ağıllı kənd layihələri bu texnologiyaları real infrastrukturla birləşdirir. Rəqəmsal xəritələşdirmə və hidroloji modelləşdirmə vasitəsilə suyun coğrafi bölgüsü və idarəetmə planı dəqiq aparılır. Ümumilikdə, texnologiya və planlı yanaşma Laçında su resurslarının həm ekoloji, həm də sosial-iqtisadi baxımdan dayanıqlı istifadəsini təmin edir. Nəticədə, yenidən məskunlaşma və sənayeləşmə Laçında su ehtiyatlarına təzyiqi artırsa da, dövlətin planlı infrastruktur layihələri, ətraf mühitə təsirin qiymətləndirilməsi və müasir texnologiyaların tətbiqi bu risklərin qarşısını almağa, su resurslarının təhlükəsiz, səmərəli və davamlı şəkildə idarə olunmasını təmin etməyə imkan verir.

Müsahibə "Pragma" Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyinin Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən "Laçın rayonunda su təhlükəsizliyi" layihəsi çərçivəsində hazırlanıb.

Tural Turan

Seçilən
24
turkustan.az

1Mənbələr