Avropa İttifaqı Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir.
Musavat.com xəbər verir ki, bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas İrəvanda keçirilən “Avronest” Parlament Assambleyasının 12-ci plenar sessiyasına ünvanladığı müraciətdə bildirib.
“8 avqustda Vaşinqtonda atılan tarixi addım regionu sabitliyə və uzunmüddətli sülhə daha da yaxınlaşdırdı. Aİ Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir. Bu proses davamlı sülhə, rifaha və inkişafa xidmət edir”, – deyə Kallas qeyd edib.
Aİ rəsmisi əlavə edib ki, hazırkı nizamlanma prosesi misilsiz iqtisadi imkanlar yaradır. Onun sözlərinə görə, bu, sərhədlərin açılması, transmilli əlaqələrin qurulması, eləcə də xalqlar arasında etimadın və təmasların dərinləşməsi üçün yeni şərait formalaşdırır.
Musavat.com
 
                        