Bakı, 30 oktyabr, Nərgiz Cəfərli, AZƏRTAC
Qərbi Avstraliyanın sahilində, Uorton-Biç çimərliyində tapılan bir şüşənin içindən Birinci Dünya müharibəsi dövrünə aid məktub çıxıb. 15 avqust 1916-cı il tarixli bu məktubu iki Avstraliya əsgəri yazıb. Tapıntı, ərazidə zibil yığan bir ailə tərəfindən aşkar edilib.
AZƏRTAC xəbər verir ki, mesajın müəllifləri — Malkolm Nevil və Uilyam Harli, 48-ci Avstraliya Piyada Batalyonuna qoşulmaq üçün Adelaidadan Avropaya yollanan HMAT A70 “Ballarat” nəqliyyat gəmisinin heyət üzvləri olublar. Onlar məktubda cəsarət və yaxşı arzular ifadə ediblər.
Uilyam yazıb: “Qoy bunu tapan hər kəs indi bizim kimi özünü yaxşı hiss etsin”.
Malkolm isə əlavə edib: “Bizdə hər şey əladır, dənizdə basdırdığımız bir qabdan başqa yeməklər çox gözəldir. O silkələyir və atır, amma biz Larri kimi xoşbəxtik (“Larri kimi xoşbəxt” — köhnə ifadə olub, “çox məmnun” mənasında işlənir)”.
Məlumata görə, Malkolm Nevil bir il sonra cəbhədə həlak olub, Uilyam Harli isə müharibədən sağ çıxsa da, 1934-cü ildə dünyasını dəyişib.
Tapılan şüşə vəziyyətinə görə, görünür, bir əsrdən çox qum təpələri altında qalıb. Kağız parçası isə hələ də oxunaqlı vəziyyətdə qorunub. Əsgərlərin qohumları bu tapıntını “möcüzə” adlandırıblar və Nevil ilə Harlinin nəvələri qeyd ediblər ki, məktub “yüz ildən sonra ailələrini yenidən birləşdirib”.