Sınaq uçuşlarının fotoları təyyarənin dizaynında mühüm texniki dəyişiklikləri üzə çıxarıb...
Poliqon “Naked Science” nəşrinə istinadən xəbər verir ki, Çin sosial şəbəkələrində altıncı nəsil J-36 (Czian-36) qırıcısının sınaq uçuşlarından çəkilmiş ilk müasirləşdirilmiş görüntülər yayılıb. Qırıcı Chengdu Aircraft Corporation şirkəti tərəfindən hazırlanır və ölkənin strateji hərbi-hava proqramında əsas rol oynayır.
Yeni fotolarda təyyarənin quyruq hissəsindəki mühərrik çıxışlarının (soplo) formasında dəyişikliklər, həmçinin şassi dayaqlarının və təkərlərin yerləşmə konfiqurasiyasındakı yeniliklər, eləcə də hava girişi (hava qəbul edən hissə) formasının dəyişdiyi aydın görünür.
Mütəxəssislər bu dəyişikliklərin J-36-nın aerodinamik effektivliyini və manevr qabiliyyətini artırmaq, həmçinin radar görünməzliyini təkmilləşdirmək məqsədi daşıdığını bildirirlər. Naked Science portalının məlumatına görə, bu, layihənin tədricən yeni mərhələyə keçdiyini və Çinin altıncı nəsil döyüş aviasiyası texnologiyaları üzərində aktiv şəkildə işlədiyini göstərir.
J-36-nın sınaqları ölkənin ən məxfi hərbi proqramlarından biri hesab olunur. Layihə Pekinin ABŞ-ın F-22 və F-35 təyyarələri ilə texnoloji paritetə nail olmaq strategiyasının tərkib hissəsidir.
Poliqon.info
 
                        