29 oktyabr 2025-ci il tarixdə Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhidlərdən olan Mehdiyev İlham İmdad oğlu Suraxanı rayonu Dədə Qorqud Şəhidlər Xiyabanında dəfn edilib. SİA xəbər verir ki, şəhidin vida mərasimində Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, YAP Sabunçu Rayon Təşkilatının sədri Araz Xudadanov, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər və rayon sakinləri iştirak ediblər.
Şəhidin nəşi izdihamla qarşılanıb, ruhuna dualar oxunub, məzarının üzərinə əklil qoyulub, gül dəstələri düzülüb. İtkin şəhid yaylım atəşi və hərbi orkestrin müşayiəti ilə Dövlət Himnimizin sədaları altında torpağa tapşırılıb. Tabutun büküldüyü Azərbaycanın Dövlət Bayrağı şəhidin yaxınlarına təqdim olunub.
Qeyd edək ki, şəhid İlham Mehdiyev 05 aprel 1967-ci ildə Sabunçu rayonunda anadan olub. O, Birinci Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak edib. İlham Mehdiyev 26 fevral 1992-ci ildə Xocalıda itkin düşmüş hesab edilirdi.
Allah şəhidimizə rəhmət eləsin! Ruhu şad, məkanı cənnət olsun!