AZ

İSİ nin elmlər doktoru beynəlxalq konfransda çıxış edib

ain.az bildirir, Unikal.az portalına istinadən.

İdarəetmə Sistemləri İnstitutunun elmlər doktoru proqramı üzrə doktorantı t.e.f.d. Günay Əbdiyeva-Əliyeva Əlişan qızı 20–24 oktyabr 2025-ci il tarixlərində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) təşkilatçılığı ilə Avstriya Respublikasının Vyana şəhərində keçirilmiş “Nüvə obyektlərinin xarici təsirlərə qarşı dayanıqlığı” mövzusunda beynəlxalq konfransda iştirak edib.

"Unikal" xəbər verir ki, konfransda müxtəlif ölkələrin kritik informasiya infrastrukturları, nüvə təhlükəsizliyi, enerji sistemləri sahəsində aparıcı mütəxəssisləri, tədqiqatçılar və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. Konfrans çərçivəsində nüvə obyektlərinin dayanıqlığının artırılması, texnoloji risklərin azaldılması və kiber-fiziki təhlükəsizlik məsələləri üzrə elmi-praktiki müzakirələr aparılıb. 

G.Əbdiyeva-Əliyeva konfransda “Operatorların qərar qəbuletmə proseslərinin təkmilləşdirilməsi üçün süni intellektə əsaslanan kiber-fiziki anomaliya aşkarlama yanaşması” adlı məqaləsi ilə çıxış etmişdir.

Tədqiqatda təqdim edilən hibrid anomaliya aşkarlama çərçivəsi süni intellekt metodlarını fiziki proses modelləri ilə birləşdirərək nüvə kiber-fiziki sistemlərinin dayanıqlığını və etibarlılığını artırmağa yönəlmişdir. Yanaşma Autoencoder (AE), LSTM-AE, Isolation Forest (IF) və One-Class SVM (OCSVM) modellərinin fiziki qalıqlarla inteqrasiyasına əsaslanır ki, bu da anomaliyaların aşkarlanma dəqiqliyini artıraraq yalan siqnalların sayını 60% azaldır. Nəticədə operatorların qərar qəbuletmə prosesi daha etibarlı və izah edilə bilən hala gətirilmişdir.

Təklif olunan sistemin SCADA infrastrukturlarına inteqrasiya oluna bilməsi, çoxreaktorlu və enerji şəbəkəsi miqyasında tətbiq imkanları, eləcə də izah edilə bilən süni intellekt və dayanıqlıq istiqamətində gələcək tədqiqatlar üçün əsas yaratması xüsusi vurğulanmışdır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
unikal.az

1Mənbələr