AZ

Gəncədə ASAN könüllülərinin ikinci regional karyera sərgisi

ain.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində ASAN Könüllülərinin ikinci regional karyera sərgisi təşkil olunub. Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “ASAN xidmət”in və Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Regional Məşğulluq filialının birgə təşkilatçılığı ilə baş tutub.

Sərginin əsas məqsədi Gəncə, Şəmkir, Göygöl, Samux, Naftalan, Tovuz, Mingəçevir, Goranboy və ətraf rayonlarda yaşayan könüllü gənclərin məşğulluq imkanlarına çıxışını asanlaşdırmaq, onları dövlət və özəl müəssisələrlə bir araya gətirməklə peşəkar inkişaflarına və təcrübə qazanmalarına dəstək göstərmək olub.

Tədbirdə 40-a yaxın dövlət və özəl müəssisə iştirak edib, ümumilikdə 100-dən çox vakansiya təqdim olunub. Sərgiyə qatılan 600-ə yaxın gənc aktiv vakansiyalara müraciət edib, işəgötürənlərlə birbaşa ünsiyyət qurmaq imkanı əldə ediblər.

ASAN Könüllüləri “ASAN xidmət” konsepsiyasının ayrılmaz hissəsidir. Bu günə qədər layihəyə 43 000-dən çox könüllü gənc qoşulub. Könüllülər tərəfindən 6500-dən artıq təlim, 850-dən çox yerli və beynəlxalq layihə həyata keçirilib, 3400-dən çox könüllü isə #ASANKadr portalı vasitəsilə daimi işlə təmin olunub.

Regional karyera sərgisi gənclərin potensialının reallaşdırılması, əmək bazarına inteqrasiyası və onların gələcək karyera planlarının formalaşdırılması baxımından mühüm platforma kimi dəyərləndirilib.

Hamlet Qasımov XQ-nin bölgə müxbiri

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
4
xalqqazeti.az

10Mənbələr