AZ

Sürücü-sərnişin mübahisəsi niyə bitmir?

Yazını böyüt
Yazını kiçilt

Məlum olduğu kimi, bu ilin 1 oktyabr tarixindən ölkədə metro və avtobusda gedişhaqqı məbləği 60 qəpik olaraq müəyyən edilib. Yeni dəyişiklik metronu tam əhatə etsə də, avtobusların böyük bir qismi bu qiymət artımından kənarda saxlanılıb.

Görünən odur ki, gedişhaqlarının artırılmasından yaranan narazılıq bir tərəfdə qalıb, sözügedən dəyişikliyin bu qiymət artımından kənarda saxlanılan avtobuslarda yaranan sürücü-sərnişin davası gündəmə gəlib. Şikayətlər, əsasən, 537 və 185 nömrəli avtobusların daimi sərnişinlərindən gəlir. Belə ki, vətəndaş “avtobusların böyük bir qismi bu qiymət artımından kənarda saxlanılıb” fikrini əsas tutaraq, sürücünü gedişhaqqını süni şəkildə artırmaqda suçlayır. Sürücülük mədəniyyəti olanlar vətəndaşların məlumatsızlığını anlayışlı qarşılayaraq durumu izah etməyə çalışır, səriştəsiz, sürücülük mədəniyyətindən uzaq sürücülər isə vəziyyəti, az qala, sərnişinlə əlbəyaxa çıxmaq həddinə çatdırırlar.

Əslində, avtobuslarda gedişhaqqı məbləği necə təyin edilib? Bunun hazırkı sürücü-sərnişin mübahisəsinə aidiyyəti varmı? Sürücü-sərnişin mübahisəsi niyə bitmir?

Mövzuya Hafta.az-da aydınlıq gətirən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Media ilə əlaqələr şöbəsinin müdiri Tural Orucov bildirib ki, baş verənlər, çox güman ki, sərnişinlərin dəyişikliklə bağlı tam məlumatlı olmamasıdan irəli gəlir.

T.Orucov tarif dəyişikliyinin yalnız nağdsız ödəniş sisteminin tətbiq edildiyi və müasir standartlara cavab verən avtobusların istismar edildiyi marşrutlarda həyata keçirildiyini vurğulayıb:

“Bu da nağdsız ödəmə imkanı təqdim edən müasir avtobuslar istismar edən daşıyıcıların fəaliyyətini stimullaşdırmaq məqsədi daşıyır. “Müasir standartlar dedikdə” elektrikli, sıxılmış təbii qazla (CNG) işləyən və 2025-ci il istehsalı olan dizel mühərrikli avtobuslar nəzərdə tutulur. Bakıda bu qayda yalnız elektrikli və CNG texnologiyası ilə işləyən avtobuslara şamil edilir. Digər marşrutlar yeniləndikcə, yeni tarifə keçid edir və bu haqda ictimaiyyətə əlavə məlumatlar təqdim olunur. Ölkədə müntəzəm avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı həddinin müəyyən edilməsi ilə bağlı 30 iyun 2024-cü il tarixli qərara əsasən şəhərətrafı və qəsəbələrarası avtobuslarda ödənişlər məsafədən asılı olaraq müəyyən edilir”.

Sərnişinlərin şikayətləndiyi 537 və 185 nömrəli avtobuslara gəlincə, AYNA sözçüsü bildirdi ki, bu avtobuslarda gediş haqqı məsafəyə görə təyin edilir. Belə ki, 537, 185 və bu kimi avtobuslarda məsafəyə görə dövrün uzunluğunun yarısı 15 km.-dən 30 km.-dək təşkil etdiyindən, hər iki marşrutda gedişhaqqı 60 qəpik təşkil edir.

Əhalinin digər narazılığı gedişhaqları artırılsa da, hələ də bərbad vəziyyətdə olan avtobuslarla bağlıdır. Belə avtobuslar sırasında nağdsız ödənişli avtobuslar da var. Sərnişin məmnunluğu sıfır olan avtobusların xəttə buraxılması da bir başqa problem, narazılıq yaradır.

Məsələyə aydınlıq gətirən T.Orucov deyir ki, avtobusla müntəzəm sərnişindaşıma xidmətinin səviyyəsinin artırılması məqsədilə marşrut şəbəkəsi və ictimai nəqliyyatın fəaliyyəti mütəmadi təhlil edilir, şəbəkə yenidən formalaşdırılaraq marşrutlar mərhələli qaydada müsabiqəyə çıxarılır:

“AYNA tərəfindən daşıyıcılara istismarlarında olan xətlər üzrə avtobusların yenilənməsi barədə tapşırıqlar verilir və mütəmadi nəzarət tədbirləri həyata keçirilir. Hazırda Bakıda müntəzəm marşrut xətlərində 2300-dən çox avtobus istismar olunur. Həmçinin müasir avtobusların ölkəyə gətirilməsi davam etdirilir və onların sayının 2800-ə çatdırılması hədəflənir. Qeyd edim ki, 2025-ci il ərzində 10 marşrut üzrə yenilənmə aparılıb və 150-yə yaxın ekoloji təmiz avtobus daşımalara cəlb olunub. Əlavə olaraq, bu yaxınlarda daşıyıcılar tərəfindən Bakı şəhərinə istismar edilməsi üçün ekoloji cəhətdən təmiz və komfortlu daha 200 avtobus gətiriləcək”.

Seçilən
17
hafta.az

1Mənbələr