ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
"Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin dördüncü ilində məktəb direktorlarının seçiminin yeni qaydalar əsasında aparılması məntiqlidir. Çünki yeni qaydalar sertifikatlaşdırmada (bir qrup müəllim ixtisasına münasibətdə isə MİQ və ya diaqnostik qiymətləndirmədə) yüksək bal toplamış şəxslər sırasından seçimi nəzərdə tutur. Namizədin digər keyfiyyətləri isə müsahibədə dəyərləndiriləcək".
Oxu.Az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu deyib.
"Təhsil müəssisəsi elə bir qurumdur ki, burada menecerlik qabiliyyəti ilə yanaşı məktəbdə gedən iki prosesin - öyrətmə və öyrənmənin əsaslarını dərindən bilmək vacibdir. Məlumdur ki, tədris etdiyi fənn üzrə savadı, öyrətmək ustalığı, pedaqoji duyumu olan müəllimin məktəbdə xüsusi nüfuzu var. Məktəb direktorunun eyni keyfiyyətləri olmadıqda, nüfuzlu müəllim müəssisənin qeyri-formal liderinə çevrilir. Formal və qeyri-formal liderlərin düzgün əməkdaşlıq qurması, bir-birini tamamlaması isə heyf ki, həmişə alınmır. Məktəb kollektivi üçün ən optimal hal qeyri-formal liderin formal lider təyin edilməsidir", - deyə Vəfa Yaqublu bildirib.
O qeyd edib ki, ötən onillikdə aparılmış bir tədqiqata əsasən, direktoru pedaqogikanı yaxşı bilən və bütün diqqətini daxili qaydaların bərqərar edilməsinə yönəldən məktəblərdə şagirdlər daha yaxşı öyrənir: "Əlbəttə şagird nailiyyətinə təsir edən digər dəyişənlər də vardır: müəllim səriştəsi, şagirdin ilkin hazırlıq səviyyəsi, bölgənin sosial-iqtisadi durumu, ailənin təhsil və mədəni statusu və s. Məktəb direktorunun idarəetmədə söykəndiyi prinsipləri də sadalanan dəyişənlərə əlavə etməliyik. Şagird nailiyyətləri yüksək olan məktəb rəhbərləri üçün daxili problemlərin həlli və pedaqoji təcrübənin inkişafı prioritet məsələdir. Tədqiqatçılar həmçinin müəyyən ediblər ki, nisbətən zəif təhsil müəssisələrinin rəhbərləri xarici təlimatlara, maddi-texniki və maliyyə məsələlərinə daha çox diqqət yetirir. Məktəblərin "daxilə" meyillənməsi onlara mürəkkəb şəraitdə belə "qalib olmağa" kömək edir. Obrazlı desək, uğurlu məktəblər "introvertdirlər": Onlar üçün birinci yerdə məktəbin daxilində öyrənmə mühitinin qurulması durur".
Vəfa Yaqublu onu da qeyd edib ki, özü yaxşı müəllim olmuş direktor həmkarlarına vaxtında və faydalı tövsiyə verə bilir, verdiyi tövsiyələr də konkret olur: "Sadəcə, "yaxşı işlə" və ya "yaxşı öyrət" tapşırığı gənc (və ya səriştəsiz) müəllimə çox şey vermir. Amma dərsdinləmə zamanı gördüyü boşluqları düzgün şərh edən direktor müəllim üçün, müəllimin vasitəsilə isə şagird üçün böyük dəstəkdir. Məsələn, "X şagird üçün sözlü təlimat kifayət etmədi: təlimatı təkrar etsəniz də o, sizi anlamadı, növbəti dəfə tapşırığın bir hissəsini onunla birlikdə işləyin", "Göz təması qurarkən, bütün sinfə baxmağa çalışın, siz yalnız sinfin sağ tərəfində oturanlara baxırsınız", "Y şagirdin kiçik motorikasını inkişaf etdirmək üçün ona əlavə tapşırıqlar verin", "Xronologiyadan danışarkən lövhədə zaman oxu çəkin: belədə şagirdlər sizi daha yaxşı anlayacaqlar" və s. Daim öyrənmək və öyrətmək missiyasını rəhbər tutan direktorun ətrafında güclü komandanın yığılması labüddür. Belə liderlər şəxslərə deyil, proseslərə fokuslanmağı, həm müəllimi, həm də şagirdi daim inkişafda olan, irəliləyən insan kimi qəbul etməyi bacarırlar. Hesab edirik ki, yaxşı müəllimlərin karyera inkişafı onları motivasiya etməklə yanaşı, gənc müəllimlərə də örnək olur. Səriştəli müəllimlərimizi müsabiqəyə qoşulmağa dəvət edirik".
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.