"Qarabağ"ın bütün futbolçularının cərimələnməsi barədə yaydığımız şok xəbərin toz-dumanı hələ də çəkilməyib.
Düzdür, klub mətbuat xidməti vasitəsilə bu xəbəri təsdiqləməyib, "əsassız" adlandırıb, ancaq ki…
Biz də bilirik ki, nə var, nə yox. Aldığımız informasiyanın səhihliyinə şübhə bəsləmirik.
Qurban Qurbanovun belə bir qərar verməsinə səbəb Çempionlar Liqasının Liqa mərhələsinin üçüncü turunda qeydə alınan nəticədir.
Belə ki, Azərbaycan təmsilçisi İspaniya səfərində "Atletik"lə üz-üzə gəlib.
Ağdam klubu "San Mames" stadionunda keçirilən oyunu 1:3 hesabı ilə uduzub. Bu, onların arıdıcıl 2 qələbədən sonra liqa mərhələsində ilk məğlubiyyəti olub.
Qurbanovu məyus edən yalnız nəticə deyil. Təcrübəli mütəxəssisi narazı salan futbolçularının sərgilədiyi mübarizədir.
O. istənilən səviyyədə çıxış etməmələri, əksər tapşırıqlarının yerinə yetirilməməsi üzündən oyunçularını cərimələməyi zəruri sayıb.
Məbləğ kifayət qədər böyükdür. Həmin vəsait komanda üzvlərinin oktyabr ayı üçün maaş fondundan tutulacaq.
Əldə etdiyimiz yeni məlumat da kifayət qədər maraqlıdır. Saytımıza məlum olub ki, iki oyunçu komanda yoldaşlarından daha artıq cəriməyə məruz qalıb.
Bunlar müdafiəçi Elvin Cəfərquliyevlə ukraynalı yarımmüdafiəçi Aleksey Kaşukdur. Buradan aydınlaşır ki, Qurbanov Bilbaodakı matçda ən çox bu cütlüyün çıxışını bəyənməyib.
"Qarabağ" bundan əvvəl keçirdiyi hər iki görüşdə qalib gəlmiş, "Atletik" isə xal qazanmamşdı.
İlk turda "Benfika"nı 3:2, ikinci turda isə "Kopenhagen"i 2:0 üstələmiş Qurban Qurbanovun komandası hazırda sıralamada 6 xalla 13-cüdür.
ÇL-in Liqa mərhələsində ilk 8 yeri tutan komanda birbaşa 1/8 finala, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanır. 25-36-cı yeri tutanlar avrokuboklarda çıxışlarını başa vururlar.
SPORTİNFO.AZ