AZ

Azərbaycanda françayzinq və startaplarla bağlı qanunların qəbuluna ehtiyac var

Azərbaycanda françayzinq və startaplarla bağlı qanunların qəbul olunmasına ehtiyac var. Bunu anews.az-a açıqlamasında "DK Agency" şirkətinin direktoru, ticarət idarəetmə və françayzinq üzrə mütəxəssis Doğan Tomris deyib. 

"Bu istiqamətdə ən çox müzakirə olunan sahələrdən biri françayzinq və startap fəaliyyəti ilə bağlı qanunvericilik boşluqlarıdır. Hazırda Azərbaycanda françayzinq münasibətləri yalnız müqavilələr əsasında tənzimlənir. Lakin bununla bağlı ayrıca “Françayzinq haqqında Qanun” mövcud deyil. Nəticədə sahibkarlar və investorlar hüquqi baxımdan bir sıra risklərlə üzləşirlər", - o bildirib. 

Mütəxəssis deyir ki,startap sahəsində də oxşar vəziyyət müşahidə olunur.

"Qanunvericilikdə “startap” anlayışı rəsmi şəkildə müəyyən edilməyib. Hazırda startap təsisçiləri fəaliyyətlərini adi MMC və ya fərdi sahibkar kimi qeydiyyatdan keçməklə həyata keçirirlər. Dövlət tərəfindən “Startap şəhadətnaməsi” verilərək vergi güzəştləri təmin olunsa da, bu sənəd sahəni tam tənzimləmək gücündə deyil. Ayrıca “Startaplar haqqında Qanun”un qəbul edilməsi vacibdir. Belə bir qanun startapların hüquqi statusunu, investorların hüquqlarını, vergi güzəştlərini və şirkətdən çıxış (exit) mexanizmlərini tənzimləyə bilər", - o əlavə edib. 

Şirkət rəhbəri əlavə edib ki, xarici investorlar üçün də bir sıra hüquqi çətinliklər mövcuddur.

"Məsələn, şirkət payı alınarkən Mülki Məcəlləyə əsasən ailə üzvlərinin razılığı tələb olunur. Bu, kommersiya əməliyyatlarının sürətini azaldır və beynəlxalq investorlar üçün əlavə risk yaradır", - Tomris vurğulayıb.  

Gülnar Nazimqızı 

Seçilən
3
1
anews.az

2Mənbələr