AZ

Böyük Britaniya Yamaykadakı vətəndaşlarının təxliyə olunması üçün çarter reysləri təşkil edir

London, 30 oktyabr, AZƏRTAC

Böyük Britaniya hökuməti Karib hövzəsində fəsadlar törədən “Melissa” qasırğasından sonra Yamaykada qalan britaniyalı vətəndaşların ölkəyə qaytarılması üçün çarter reysləri təşkil edir.

AZƏRTAC xəbər verir ki, hazırda Yamaykada təxminən 8 min britaniyalı turist və 50 min ikili vətəndaşlığı olan şəxs yaşayır. Adada fırtınanın yaratdığı dağıntılar və təhlükəli hava şəraiti səbəbindən sakinlərə evlərdə, turistlər isə hotellərdə qalmaq tövsiyə edilib.

Böyük Britaniyanın Xarici İşlər Nazirliyi bildirib ki, bu çarter reysləri kommersiya uçuşları ilə geri dönə bilməyənlər üçün nəzərdə tutulub. Nazirlik, həmçinin turizm şirkətləri ilə sıx əməkdaşlıq edərək kommersiya uçuşlarının bərpası üzərində işlədiyini qeyd edib.

Qeyd edək ki, “Register Your Presence” portalında qeydiyyatdan keçmiş bütün britaniyalılar hava limanları açıldıqdan sonra avtomatik olaraq əlaqələndiriləcək və onlara bilet sifarişi üçün keçid göndəriləcək.

 
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
19
2
azertag.az

3Mənbələr