AZ

Trampın "fantastik münasibətlər" bəyanatı:Diplomatik jest, yoxsa reallıq?

ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpinlə Busanda görüşdən əvvəl bildirib ki, Pekinlə uzunmüddətli və “fantastik” münasibətlər gözləyir. Tramp əlavə edib ki, artıq bir çox məsələlərdə razılığa gəliblər və gələcəkdə daha çox məsələlərdə əməkdaşlıq planlaşdırılır.

Trampın Çinlə “uzunmüddətli fantastik münasibət” bəyanatı real vəziyyəti əks etdirirmi?

Redaktor.az-a mövzunu şərh edən politoloq Tural İsmayılov bildirdi ki, Trampın “Çinlə uzunmüddətli və fantastik münasibətlər” bəyanatı diplomatik ritorika baxımından xoş səslənsə də, geosiyasi reallığı tam əks etdirmir.

"Tramp siyasətində “fantastik münasibətlər” ifadəsi adətən taktiki kompliment xarakteri daşıyır və qarşı tərəfdən güzəşt almağa hesablanır. ABŞ-Çin münasibətləri bu gün dərin struktur ziddiyyətləri üzərində qurulub, ticarət balansı, texnoloji hegemonluq, Tayvan məsələsi və Cənubi Çin dənizində hərbi mövcudluq kimi sahələrdə qarşıdurma davam edir. Trampın məqsədi isə Pekinlə gərginliyi müvəqqəti azaldaraq ABŞ iqtisadiyyatına siyasi divident qazandırmaq, eyni zamanda, seçici bazasına “dünya nizamını mən idarə edirəm” mesajını verməkdir".

Azərbaycan

Politoloq əlavə etdi ki, reallıqda ABŞ və Çin arasında strateji rəqabət təkcə fərdi liderlərdən asılı deyil, bu, sistemli maraqlar toqquşmasıdır.

"Ona görə də “fantastik münasibətlər” nə iqtisadi, nə də siyasi planda yaxın perspektivdə mümkün görünmür. Əksinə, tərəflər arasında rəqabət soyuq müharibə üslubunda davam edəcək, yalnız konkret sahələrdə, yəni, enerji, ticarət, texnologiya kimi məhdud əməkdaşlıq formaları müşahidə olunacaq. Yəni Trampın bəyanatı diplomatik jestdir, geosiyasi reallıq isə hələ də sərt rəqabət və qarşılıqlı etimadsızlıq üzərində qalır", - deyə Tural İsmayılov bildirdi.

Xədicə BAXIŞLI

Seçilən
27
1
redaktor.az

2Mənbələr