AZ

Marketlərdə satılan ətə "dabaq nəzarəti" necə həyata keçirilir...


Son günlər ölkənin bir sıra bölgələrində heyvanlar arasında dabaq xəstəliyinin yayılması ilə bağlı narahatlıq artır. Xəstəlik qısa müddət ərzində bir çox rayonlarda heyvandarlıq təsərrüfatlarını və fərdi təsərrüfatlarda saxlanılan heyvanları əhatə edib.

Bəzi kəndlərdə karantin tətbiq olunub, ət kəsimi məntəqələrinə isə ciddi nəzarət tədbirləri gücləndirilib. Artıq əksərrayonlarda mal bazarlarının fəaliyyətini müvəqqəti dayandırıb. Bununla yanaşı, ət kəsim məntəqələrinə, satış yerlərinə xüsusi nəzarət olunur. O da məlumdur ki, ət satışı təkcə kəsim, satış məntəqələrində deyil, marketlərdə də həyata keçirilir. Maraqlıdır, marketlərdə satılan ət məhsullarının mənşəyi və keyfiyyəti necə yoxlanılır?

AQTA: “Dövlət orqanları ilə birlikdə ardıcıl monitorinqlər, yoxlama-nəzarət tədbirlərini davam etdirilir”

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) “Bakı-Xəbər”ə bildirilib ki, “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Prezidentin 2018-ci il 11 iyun tarixli sərəncamının icrası ilə bağlı olaraq baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində Qida Təhlükəsizliyi Agentliyi aidiyyəti dövlət orqanları ilə birlikdə ardıcıl monitorinqlər, yoxlama-nəzarət tədbirlərini davam etdirir: “Tədbirlər çərçivəsində bu ilin əvvəlindən bugünədək ölkə üzrə 4652 heyvan kəsimi və ət satışı mağazasında monitorinq keçirilib. Monitorinq zamanı 698 heyvan kəsimi və ət satışı mağazası ilə bağlı inzibati tədbir görülüb, 65-də isə qanunsuz heyvan kəsimi ilə əlaqədar quraşdırılmış qurğular (11-i təkrar quraşdırılmış qurğulardır) sökülüb.1244 halda ətlərin soyuducuda (453-də soyuducu yoxdur) saxlanılmadığı, 1277 halda isə ətlərin baytarlıq sənədi olmadan satışının həyata keçirildiyi müəyyən edilib ki, bununla bağlı icrası məcburi göstərişlər verilib”.

Eyyub Hüseynov: “İiri marketlərdə heç bir yoxlama aparılmır, ünki…”

Azad İstehlahçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynon “Bakı-Xəbər”ə şərhində bildirdi ki, iri marketlərdə heç bir yoxlama aparılmır. Çünki həmin obyektlərə daxil olan bütün mallar AQTA-nın nəzarəti altında olur. Yoxlamadan keçməyən heç bir məhsulun satışına icazə verilmir: “Ona görə də marketlərdə hər hansı yoxlamaya ehtiyac yoxdur. Lakin dabaq xəstəliyinin bu qədər yayılması olduqca ciddi məsələdir. Mən həmişə demişəm ki, ən doğru xəbər ictimai rəydir. İctimai rəydə belə məlumatlar var ki ölkəyə keyfiyyətsiz vaksinlər gətirilib. Sizin qəzet vasitəsilə dövlət orqanlarına çağırışedirəm ki, bu məsələni araşdırsınlar. Birliyə bu mövzu ilə bağlı çoxlu sayda zənglər, müraciətlər edilir ki, hansı heyvanlara vaksin vurulubsa, onlar daha ciddi xəstələnib. Bu isə o deməkdir ki, milyon dollarlar, tenderlər hesabına ölkəyə gətirilən vaksinlərdə problem var. Nəzərə almaq lazımdır ki, ictimai rəy boş yerə formalaşmır”.

Həmsöhbətimiz onu da əlavə etdi ki,bu günlərdə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının iştirakı ilə (AQTA) dabaq xəstəliyinə qarşı iri, eləcə də xırdabuynuzlu heyvanların müalicəsində nəzərdə tutulan dərman preparatlarının saxta nümunələrini hazırlayan şəxslərə qarşı əməliyyat keçirib. Bu əməliyyat təqdirəlayiqdir: “Yaxşı olar ki, adıçəkilən qurum ölkəyə gətirilən vaksinlərəin üzərində müəyyən tədqiqat aparsın. Başqa yoxlayıcı dövlət qurumlarından fərqli olaraq bu qurum yoxlama, nəzarət tədbirlərini dəqiq, qanun çərçivəsində aparır, qanunsuzluqları ifşa edə bilir. Məhz bu məsələni də adıçəkilən qurum araşdırsa daha yaxşı olar”.

Günel CƏLİLOVA

Seçilən
27
baki-xeber.com

1Mənbələr