Liderlər enerji sanksiyaları və ABŞ-Rusiya danışıqlarının bərpası yollarını müzakirə edəcəklər...
Poliqon xəbər verir ki, Reuters agentliyinin məlumatına görə, Macarıstanın baş naziri Viktor Orban 7 noyabrda ABŞ prezidenti Donald Tramp ilə Vaşinqtonda görüşəcək. Görüşdə Orban Vaşinqtonla Moskva arasında mümkün diplomatik dialoqun bərpası istiqamətlərini və Macarıstanın Amerika enerji sanksiyalarından azad olunması məsələsini müzakirə etməyi planlaşdırır. Bu barədə məlumatı Orbanın administrasiya rəhbəri təsdiqləyib.
Mənbəyə görə, Tramp və Orban enerji, müdafiə sənayesi, iqtisadiyyat və maliyyə sahələrində əməkdaşlıq sazişləri imzalamağı da planlaşdırırlar.
Macarıstanın xarici işlər naziri Peter Siyyarto oktyabrın 27-də bildirib ki, iki lider həmçinin Vaşinqtonun Rusiya neft şirkətlərinə qarşı tətbiq etdiyi sanksiyaları da gündəmə gətirəcək.
Ekspertlər hesab edirlər ki, bu görüş ABŞ-Avropa münasibətlərində mühüm mərhələ ola bilər. Çünki Orban uzun müddətdir Avropa İttifaqında Rusiya ilə münasibətlərə daha praqmatik yanaşmanın tərəfdarı kimi tanınır və Vaşinqtonla birbaşa dialoqu Macarıstanın enerji təhlükəsizliyi üçün əsas addım sayır.
Poliqon.info
 
                        