AZ

Bakıda “Sənət və silah: Ənənəvi Azərbaycan silahları rəssamların gözü ilə” adlı sərgi açılıb

Bakı, 30 oktyabr, AZƏRTAC

Oktyabrın 30-da Azərbaycan Milli Xalça Muzeyində “Sənət və silah: Ənənəvi Azərbaycan silahları rəssamların gözü ilə” adlı sərgi açılıb.

AZƏRTAC xəbər verir ki, Vətən müharibəsində Qələbənin 5-ci ildönümünə həsr olunan sərgi Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbiri muzeyin direktoru Əminə Məlikova açaraq bildirib ki, bu sərgi Azərbaycan ənənəvi silahlarının tarixi, texnoloji və bədii inkişafını müasir rəssamların yaradıcılığı vasitəsilə təqdim edəcək.

Diqqətə çatdırılıb ki, sərgidə 26 rəssam və heykəltəraşın müəllifi olduğu 30-a yaxın sənət əsəri nümayiş olunur. Mövzuya kompleks yanaşma prinsipi ilə hazırlanmış bu ilk genişmiqyaslı layihə çərçivəsində təqdim edilən əsərlərdə akademik və postmodernist yanaşmaların sintezi, həmçinin klassik miniatür irsinin təsiri duyulur.

Sərginin kuratorları Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetin prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sevil Kərimova, “Polad naxışlar. Azərbaycan Milli Xalça Muzeyinin silah kolleksiyası” adlı kataloqun müəllifi, tarix üzrə fəlsəfə doktoru, dosent Səbuhi Əhmədov çıxış edərək sərginin əhəmiyyətindən danışıblar.

Qeyd edilib ki, sərgi və muzeyin silah kolleksiyasına həsr olunmuş ilk kataloq Azərbaycan silahşünaslıq irsinin, milli sənətkarlıq ənənələrinin və dövlətçilik tarixinin bədii kontekstdə təqdimatı, eləcə də milli-mədəni kimliyin təbliği baxımından xüsusi əhəmiyyət daşıyır.

Açılış mərasimində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH Mərkəzinin tələbələri “Ədalətin silahı şər qüvvəyə qalib gəlir” adlı bədii-dramatik-xoreoqrafik kompozisiyanı təqdim ediblər.

Sonra tədbir iştirakçıları sərgi ilə yaxından tanış olublar.

Ekspozisiyada kolleksionerlər Yusif Bağırzadə və İlqar Həsənəlizadənin şəxsi kolleksiyalarından XVI–XIX əsrlərə aid nadir silah nümunələri də təqdim olunur. Bu eksponatlar arasında şahzadə Abbas Mirzə Qacar, Nəsrəddin şah Qacar, Səfəvi dövlətinin vilayətlərinin hakimlərindən birinə və Şəki xanına məxsus silahlar yer alır. Eyni zamanda, Sultan Uzun Həsən və Şah İsmayıl Xətaiyə aid silahların, zülfüqar qılıncı və şaşkanın ənənəvi üsullarla hazırlanmış replikaları sərgilənir.

Qeyd edək ki, sərgi noyabrın 16-dək davam edəcək.

Seçilən
37
1
azertag.az

2Mənbələr