AZ

Barselonadakı Saqrada Familia dünyanın ən hündür kilsə qülləsi adını qazanıb

Berlin, 30 oktyabr, AZƏRTAC

Barselonadakı Saqrada Familia kilsəsinin mərkəzi qülləsi Ulmdəki məşhur Münster kilsəsini geridə qoyaraq dünyanın ən hündür kilsə qülləsi adını qazanıb.

AZƏRTAC xəbər verir ki, Saqrada Familia kilsəsində inşaatın son mərhələsində mərkəzi qülləyə xaçın ilk hissəsinin quraşdırılması ilə yeni rekord qeydə alınıb. İsa Məsihə həsr olunmuş mərkəzi qüllənin hündürlüyü xaç hissəsinin aşağı hissəsinin əlavə edilməsi ilə 162,91 metrə çatıb və bununla Ulm Münsterini geridə qoyub. Tikintinin 2026-cı ildə başa çatması ilə bazilikanın ümumi hündürlüyü 172,5 metr olacaq. İnşası 1890-cı ildə tamamlanmış Ulm Münster kilsə qülləsinin hündürlüyü isə 161,53 metrdir.

Qeyd edək ki, çəkisi 24 ton, uzunluğu 7,25 metr olan xaçın konstruksiyası Bavariyada hazırlanıb. Tamamlandıqdan sonra onun hündürlüyü 17, eni 13,5 metr olacaq.

Əfsanəvi memar Antoni Qaudinin özünəməxsus yaradıcılığını əks etdirən Saqrada Familianın rəsmi açılışı gələn il iyunun 10-da – onun ölümünün 100-cü ildönümündə olacaq. Kilsənin tikintisinin tam başa çatması isə 2030-cu illərdə nəzərdə tutulur.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Seçilən
4
3
azertag.az

4Mənbələr