BAKI, 31 oktyabr. TELEQRAF
Əfqanıstan və Pakistan sərhəddəki gərginliyin azaldılması və atəşkəsin davamı ilə bağlı növbəti görüşü 6 noyabrda İstanbulda keçirməyə razılaşıblar.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə XİN iki ölkənin Türkiyə və Qətərin vasitəçiliyi ilə yaydığı birgə bəyanata istinadən məlumat yayıb.
Qeyd olunur ki, oktyabrın 25-30-da İstanbulda keçirilən danışıqlarda tərəflər Dohada 18-19 oktyabrda əldə edilmiş atəşkəs rejiminin möhkəmləndirilməsi məsələsini müzakirə ediblər və atəşkəsin davam etdirilməsi barədə razılığa gəliblər.
Bəyanatda həmçinin münaqişələrin qarşısını almaq və pozuntu halında sanksiyalar tətbiq etmək üçün monitorinq mexanizminin yaradılacağı bildirilir. Türkiyə və Qətər vasitəçilər kimi hər iki tərəfin konstruktiv mövqeyinə təşəkkür edib və sülh prosesinə dəstəyini davam etdirəcəyini açıqlayıb.
 
                        