Çin həkimləri 12 yaşlı uşağın onikibarmaq bağırsağını, mədəaltı vəzini, mədəsinin böyük hissəsini və nazik bağırsağını cərrahiyyə əməliyyatı zamanı səhvən kəsib götürüblər.
AzEdu.az xəbər verir ki, bu barədə məlumatı "Sohu" portalı yayıb.
Bildirilir ki, iki il əvvəl Hetsze şəhər sakini Xiao Ye sinif yoldaşının qarnına təpik vurması səbəbindən kəskin ağrı his edib. Onu Çenvu rayonunun xalq xəstəxanasına yerləşdiriblər. Orada daxili orqanlarında tromb aşkar edilib. Həkimlər əməliyyata ehtiyac olduğunu bildiriblər. Cərrahi müdaxilə zamanı onda guya şiş üzə çıxarılıb və həkimlər bu şişi kəsib götürmək qərarına gəliblər. Əməliyyat 14 saat davam edib. Bu müddət ərzində şiş adı ilə uşağın bir neçə orqanı kəsilərək götürülüb.
Rayonun səhiyyə idarəsi araşdırma apararaq çox sayda pozuntu halları aşkar edib.
Xəstəxana Xiao Yenin valideynlərinə 200 min yuan (28 min dollardan bir qədər artıq) kompensasiya ödəyib. Lakin bu vəsait uşağın müalicəsinə tələb olunan bütün xərcləri qarşılamır, çünki oğlana orqan transplantasiyası, daha sonra bahalı terapiya lazımdır.
"Hadisədən iki il keçib və biz hələ də uşağımızı xilas etmək üçün əlimizdən gələni edir, kamera görüntüləri və əməliyyat videosunun köməyi ilə ədalətə nail olmağa çalışırıq", - deyə uşağın anası bildirib.
Hazırda xəstəxana çarpayısına məhkum olan uşaq müstəqil yeyə bilmir və onun sağalmaq ümidi hər gün daha da azalır.
 
                        