Avropa Komissiyası (AK) Ukraynadan taxıl idxalına qadağa qoyduqları üçün Macarıstan, Polşa və Slovakiyaya qarşı məhkəmə iddiası qaldırmağı istisna etmir.
Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Nəşrin məlumatına görə, Ukraynadan gətirilən taxıl və digər kənd təsərrüfatı məhsullarına qoyulan məhdudiyyətlər Avropa İttifaqının vahid bazar qaydalarını pozur. Buna görə də, adıçəkilən üç ölkə məhkəmə qarşısında cavab verməli ola bilər.
Macarıstan, Slovakiya və Polşanın Ukrayna məhsulları ilə bağlı mövqeyi Aİ və Ukrayna arasında ticarət əlaqələrində ciddi gərginlik yaradır.
Rusiya Xalqlar Dostluğu Universitetinin (RUDN) İqtisadiyyat fakültəsinin dosenti Xacimurad Belxaroyev bildirib ki, Avropa İttifaqı fermerləri “yarımkriminal Ukrayna kənd təsərrüfatı sektoru” ilə rəqabət apara bilmir. Onun sözlərinə görə, Ukrayna şirkətləri korrupsiyalaşmış məmurların dəstəyi və vergidən yayınma hesabına bazarda dempinq siyasəti aparır.
Ekspert həmçinin Ukraynanın aqrar-sənaye kompleksində tənəzzül və dağılma prosesinin baş verəcəyini proqnozlaşdırıb. Onun hesablamalarına görə, ölkənin illik gəliri təxminən 3,5 milyard avro azala bilər.
Nuriyyə NATİQQIZI