AZ

Tramp respublikaçıları “nüvə variantından” istifadə etməyə çağırıb

ABŞ prezidenti Asiya turundan sonra demokratları sərt tənqid edib və Senatdakı obstruksiyanın ləğvini tələb edib...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Asiya ölkələrinə səfərindən sonra Truth Social platformasında paylaşdığı bəyanatda həm xarici siyasət, həm də daxili siyasi vəziyyətlə bağlı mövqeyini açıqlayıb. Tramp bildirib ki, səfər çərçivəsində “iri ticarət sazişləri imzalanıb” və nəticədə “Amerikaya olan hörmət xeyli artıb”. O, bu iqtisadi uğurları 2024-cü il prezident seçkilərindəki “möhtəşəm nəticələrlə” və tariflərdən əldə olunan gəlirlərin artması ilə əlaqələndirib.

Eyni zamanda Tramp Demokratlar Partiyasını kəskin tənqid edərək, ölkənin fəaliyyətini “dayandırmaqda” (şatdaun) və səhiyyə sistemindən ayrılan böyük vəsaitləri “qanunsuz miqrantlara yönəltməkdə” ittiham edib. O, bu siyasəti “dəli və dağıdıcı” adlandırıb və Respublikaçılar Partiyasını sərt addımlar atmağa çağırıb.

Tramp Senatdakı respublikaçı çoxluğun lideri Con Tunu və Nümayəndələr Palatasının spikeri Mayk Consonu tərifləyərək, həmkarlarını “kozır kartını oynamağa” – yəni, Senatdakı obstruksiya qaydasını aradan qaldırmaq üçün “nüvə variantı”nı tətbiq etməyə çağırıb.

Qeyd edək ki, Senat obstruksiyası ABŞ Konqresinin yuxarı palatasında azlıqda olan senatorlara qanun layihələrinin qəbulunu ləngitmək və ya tamamilə bloklamaq imkanı verən parlament mexanizmidir. “Nüvə variantı” isə bu prosedurun ləğv edilməsinə və çoxluğun iradəsinin maneəsiz icrasına imkan yaradan fövqəladə qərardır.

Poliqon.info

Seçilən
23
poliqon.info

1Mənbələr