AZ

Nigeriyalı müəllifin Qarabağ salnaməsi

Oktyabrın 30-da Beynəlxalq Avrasiya Mətbuat Fondunun sabiq əməkdaşı, nigeriyalı Nik Nvolisanın “Mənim Qarabağa səfərim” adlı kitabının təqdimat mərasimi keçirilib.

Tədbirin moderatoru, Mətbuat Şurasının sədri Rəşad Məcid kitab barədə danışaraq, nəşrin əhəmiyyətini və Qarabağ haqqında məlumatların xaricdə təbliği baxımından vacibliyini vurğulayıb.

Azərbaycanın Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin Baş katibi Çingiz Abdullayev çıxışında yerli yazıçıların əsərlərinin ingilis, rus, fransız və digər dillərə tərcüməsinin vacibliyini vurğulayıb. O bildirib ki, tərcümələrin sayı artdıqca Azərbaycan həqiqətləri daha geniş auditoriyaya çatacaq.

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev təqdim olunan kitabın Qarabağın tarixini, xalqın çəkdiyi əzabları, 2020-ci ildən sonra başlayan dirçəliş və “Böyük Qayıdış” hekayəsini əks etdirdiyini vurğulayıb. Azərbaycan Beynəlxalq Məktəbinin direktoru Angela Romney çıxışında deyib ki, kitab Azərbaycanın müxtəlif dövrlərdəki hadisələrini, Qarabağın tarix boyu keçdiyi çətinlikləri və xalqın mübarizəsini işıqlandırır.

Təqdimat mərasimində çıxış edən Milli Məclisin deputatları Səməd Seyidov, Ceyhun Məmmədov, Fazil Mustafa, Razi Nurullayev, Əməkdar jurnalist Azər Həsrət və başqaları tədbirin Azərbaycanın həqiqətlərini beynəlxalq auditoriyaya çatdırmaq baxımından mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıblar.

Qeyd edək ki, 20 ilə yaxındır Azərbaycanda yaşayan Nigeriya vətəndaşı Nik Nvolisa Xəzər Universiteti, Slavyan Universiteti və ADA Universiteti kimi nüfuzlu təhsil ocaqlarında təhsil alıb, eləcə də burada ailə həyatı qurub. Azərbaycana gəldikdən sonra 2007-ci ildə əmək fəaliyyətinə BAMF-də könüllü kimi başlayan və sonradan təşkilatın Proqram departamentinin rəhbəri vəzifəsinədək yüksələn Nik Nvolisanın bu kitabı onun ölkəmizdə sosial-humanitar və vətəndaş cəmiyyəti sahəsində göstərdiyi uzunmüddətli fəaliyyətinin, topladığı təcrübəsinin bədii və elmi inikasıdır. Əsərin maraqlı və vacib cəhətlərindən biri də onun XXI əsrdə Azərbaycana köç etmiş bir miqrantın baxış bucağından yazılmasıdır ki, bu da bölgənin sosial və iqtisadi mənzərəsinə yeni və fərqli bir yanaşma gətirir.

 

Seçilən
4
4
xalqqazeti.az

5Mənbələr