Birinci Qarabağ müharibəsində Xocalı uğrunda gedən döyüşlərdə şəhid olan hərbçilər Hüseynov Çingiz Usub oğlu və Qəmbərov Səfər Qarsalan oğlunun nəşlərinin qalıqları bu gün Xocalı Şəhidlər xiyabanında dəfn edilib.
Moderator.az xəbər verir ki, hər iki şəxs Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilib. Onların nəşinin qalıqları 33 il sonra Xocalı ərazisində aparılan tikinti işləri zamanı aşkarlanıb.
Mərasimdə Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirak ediblər.
Qeyd edək ki, şəhidlərin nəşinin qalıqları ötən gün Goranboy rayonunda müvəqqəti məskunlaşan ailələrinə təhvil verilib və orada vida mərasimi keçirilib.
Cingiz Hüseynov 1955-ci il mayın 4-də Xocalı rayonunda anadan olub. O, 1992-ci il fevralın 26-da Xocalıda gedən döyüşlər zamanı itkin düşüb.
Digər şəhid Səfər oğlu Qəmbərov 1961-ci ildə Xocalı rayonunda anadan olub, 1992-ci ildə Xocalı döyüşləri zamanı itkin düşüb.