ain.az, Axar.az portalına istinadən məlumat yayır.
Bu gün yanıma gənc bir qız gəldi. Ekokardioqrafik müayinədən keçdikdən sonra otağıma daxil olan qızın baxışlarında elə bir duyğu vardı ki, sanki uzun illərdən sonra birini tapmış və boynuma sarılmaq istəyirmiş kimi hiss etdim. Bir anlıq duruxdum... Sonra diqqətlə bir daha baxdım və xatirələrim canlandı.
Kult.az xəbər verir ki, bunu millət vəkili, tanınmış ürək cərrahı Rəşad Mahmudov özünün sosial şəbəkə səhifəsində yazıb.
“Bu həmin gözlər idi - 20 il əvvəl tanış olduğum, o məsum və gözəl baxışlı 5 yaşlı balaca Aytacın gözləri idi. Onu ilk dəfə 2005-ci ildə, Bakıda fəaliyyətə başladığımız Mərkəzi Neftçilər Xəstəxanasında tanımışdım. O zaman Aytac cəmi 5 yaşında idi və ona Gecikmiş Böyük VSD, ASD və ağır Pulmonar Hipertenziya (Eizenmenger sindromu) diaqnozu qoyulmuşdu. Əməliyyatı 1 yaşına qədər çox rahatlıqla icra ediləcək sadə bir ürək qüsuru ilə doğulmuşdu. 5 yaş isə dünyada artıq inoperabil, yəni əməliyyat şansını itirmiş bir vəziyyət sayılırdı.
O dövrdə belə xəstələr üçün dünyada yeganə ümid ürək və ağciyərin müştərək transplantasiyası idi - o da müvəqqəti bir çarə idi.
Aytacın atası yox idi. Anası isə bütün varlığı ilə övladı üçün mübarizə aparan, göz yaşları içində “nə olursa-olsun, qızımı xilas edin” deyən bir qadın idi.
O zaman dünyada bu cür çarəsiz xəstələr üçün yeni bir yanaşma yaranmışdı. Bəzi Afrika ölkələrində belə geçikmiş xəstələrə avropalı həkimlər tərəfindən aparılan bir eksperiment: mərhələli şəkildə pulmonar arteriyanı daraldaraq, zamanla ağciyər təzyiqini azaltmaq və sonrakı mərhələdə tam korreksiya əməliyyatı aparmaq.
Birlikdə uzun illər çiyin-çiyinə çalışdığım italiyalı reanimatoloq professor Ermanno Mazza və komandamızla birlikdə bu yola çıxdıq. Çox riskli, uzun və çətin bir yola...
Ananın inamı, komandamızın əzmi və Heydər Əliyev Fondunun dəstəyi sayəsində illərlə davam edən müalicələr və mərhələli əməliyyatlar nəticəsində, 2015-ci ildə total korreksiya əməliyyatı uğurla başa çatdı.
Həmin gün Aytacın həyatı xilas oldu.
Və bu gün qarşımda gülümsəyən, sağlam, gənc və gözəl bir qadın - o vaxtın o balaca və məsum baxışlı Aytacı idi.
Ürəyi normal işləyir, ağciyər təzyiqi stabildir, hər şey qaydasındadır.
Amma bu sevincin içində bir kədər də gizlidir… Aytacın gözlərində sanki mənə demək istədiyi bir söz vardı.
Anasını soruşdum. Əfsuslar olsun ki, artıq həyatda olmadığını dedi.
O fədakar ana - övladı üçün gecə-gündüz mübarizə aparan, heç bir xəstəliyi olmayan o qadın - 49 yaşında qəflətən dünyasını dəyişib.
Amma mən düşünürəm ki, bu da Tanrının bir balansıdır. Bəzən bir çarəsiz həyatın xilası üçün başqa bir ruh səssizcə çəkilib gedir”, - Rəşad Mahmudov bildirib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
 
                        