AZ

Sürücülük vəsiqəsinin dəyişidirilməsi və beynəlxalq versiya ilə əvəzlənməsi neçəyədir? ARAŞDIRMA

Avtosfer portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Azərbaycanda son illər vətəndaşlara göstərilən dövlət xidmətlərinin sadələşdirilməsi və rəqəmsallaşdırılması bir çox sahədə olduğu kimi, sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi prosesinə də müsbət təsir göstərib.

Xidmətlərin “ASAN Xidmət” mərkəzləri vasitəsilə həyata keçirilməsi, vaxt itkisini minimuma endirib və sürücülərin bu prosesi daha rahat şəkildə yerinə yetirməsinə imkan yaradıb.

Hazırda vəsiqələrin verilməsi, dəyişdirilməsi və beynəlxalq sürücülük vəsiqələrinin alınması prosesi həm şəffaf, həm də sürətli icra olunur. Üstəlik, ödəniş məbləğlərinin digər ölkələrlə müqayisədə daha münasib olması bu sahədə Azərbaycanın üstünlüyünü artırır.

Avtosfer.az olaraq qonşu ölkələrdəki vəziyyəti araşdıraraq qiymətləri müqayisəli şəkildə təqdim edirik.

Hazırda Azərbaycanda sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün dövlət rüsumu təxminən 30 AZN, beynəlxalq sürücülük vəsiqəsinin verilməsi üçün isə 12 AZN təşkil edir.

Qonşu ölkələrdə bu xidmətlərin qiyməti xeyli fərqlidir. Məsələn, Türkiyədə sürücülük vəsiqəsinin alınması və dəyişdirilməsi üçün dövlət rüsumu təxminən 5 678 Türk lirəsidir ki, bu da təxminən 290 manata bərabərdir. Bundan əlavə, sürücülük məktəblərində təlim və imtahan xərcləri də nəzərə alınarsa, ümumi məbləğ 10 000 lirədən (təxminən 510 manat) çox olur.

Gürcüstanda isə sürücülük vəsiqəsi əldə etmək üçün nəzəri və praktik imtahanların ümumi dəyəri təxminən 90 lari (təqribən 60 manat) təşkil edir. Bundan əlavə, praktik dərslər üçün ödəniş saatlıq 40–60 lari (təxminən 27–40 manat) aralığındadır.

Rusiya Federasiyasında 2025-ci ildə sürücülük vəsiqəsinin verilməsi üçün dövlət rüsumu artaraq plastik formada verilən vəsiqə üçün 4 000 rubl, yeni nəsil dizaynda olan versiya üçün isə 6 000 rubl olub. Bu da Azərbaycan manatı ilə təxminən 200–300 AZN aralığında dəyişir.

İran İslam Respublikasında isə 2024–2025-ci illər üçün sürücülük vəsiqəsi yeniləmə xərci 250 000–350 000 İran riyalı aralığındadır ki, bu da manatla təqribən 12–17 AZN səviyyəsindədir (valyuta məzənnəsi dəyişkən olduğundan bu rəqəmlər fərqli ola bilər).

Beləliklə, müqayisədən aydın olur ki, Azərbaycan sürücülük vəsiqəsinin dəyişdirilməsi baxımından regionda ən münasib ölkələrdən biridir. Digər dövlətlərlə müqayisədə rüsumların aşağı olması sürücülər üçün həm maddi, həm də vaxt baxımından əlverişli şərait yaradır.

Mütəxəssislərin fikrincə, Azərbaycanda bu xidmətin münasib qiymətə başa gəlməsi, sənədləşmənin sürətli icrası və elektron xidmətlərin geniş tətbiqi sürücülərin vaxtına və büdcəsinə qənaət baxımından mühüm üstünlükdür.

Eltac Zülfüqaroğlu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
2
avtosfer.az

3Mənbələr