Aktual.az xəbər verir ki, tədbirə Bakı Təşəbbüs Qrupu təşkilatçılıq edir.
Konfransda Belçikanın keçmiş müstəmləkələri – Konqo Demokratik Respublikası, Ruanda və Burundidən olan nümayəndələr, habelə diplomatlar və rəsmi şəxslər iştirak edirlər.
Ümumilikdə konfransa 8 ölkədən beynəlxalq hüquq üzrə ixtisaslaşmış mütəxəssislər, tarixçilər, tədqiqatçılar, vətəndaş cəmiyyəti fəalları, reparasiya (Təcavüzkar dövlətin təcavüzə məruz qalmış dövlətə (dövlətlərə) dəymiş zərəri pul və ya maddi formada ödəməsini nəzərdə tutan maddi-hüquqi məsuliyyət-red.) məsələləri üzrə ekspertlər qatılıb.
Tədbirdə Belçikanın Afrika qitəsində, xüsusilə, Konqo Demokratik Respublikası, Ruanda və Burundi kimi keçmiş müstəmləkələrində yerli əhaliyə qarşı törətdiyi vəhşiliklər – etnik bölünmə siyasəti, kütləvi qətllər və mədəni mirasın talan edilməsi, o cümlədən Belçika müstəmləkəçiliyinin bu günə qədər davam edən ağır nəticələri müzakirə ediləcək.
Eyni zamanda, Belçikanın müstəmləkə ərazilərində həyata keçirdiyi neokolonial siyasət nəticəsində adıçəkilən ölkələrin resurslarının hələ də istismar edilməsi, dəymiş ziyana görə bu xalqlara ödənməli olan kompensasiya tələbinin beynəlxalq müstəviyə daşınması və beynəlxalq təşkilatların gündəliyinə salınması ətrafında fikir mübadiləsi aparılacaq.
 
                        