Dabaq xəstəliyinin yayılma riski ilə əlaqədar oktyabrın 25-dən etibarən ölkə üzrə heyvan bazarlarının fəaliyyəti müvəqqəti dayandırılıb.
Bu qərar vəziyyətin nəzarətdə saxlanılması məqsədi daşısa da, hazırda bir çox heyvan sahibləri sağlam heyvanlarını sata bilmədiklərini bildirirlər. Məsələ ilə bağlı narahatlıqlar artır, prosesin nə qədər davam edəcəyinə dair suallar yaranır.
Heyvan bazarlarının fəaliyyəti nə vaxt bərpa olunacaq?
Mövzu ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbuat rəhbəri Hüsniyə Hüseynova “Cebheinfo.az”-a bildirib ki, mövcud xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə müvafiq məhdudlaşdırıcı tədbirlərin həyata keçirilməsi zərurəti yaranmışdır:
“Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) müvafiq qərarlarına əsasən, dünyada və regionda müşahidə olunan heyvan xəstəlikləri ilə bağlı dövri qiymətləndirmələr aparılır. Son dövrlər əldə edilən məlumatlar göstərir ki, Cənubi Qafqaz regionuna daxil olan bir sıra ölkələrdə xüsusi təhlükəli heyvan xəstəliklərinin yayılma riski mövcuddur. Ölkəmizdə də endemik xarakter daşıyan xüsusi təhlükəli heyvan xəstəlikləri mövcuddur.
Buna görə həm ölkəmizi xaricdən keçə biləcək xəstəliklərdən qorumaq, həm də ölkə daxilində mövcud xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə müvafiq məhdudlaşdırıcı tədbirlərin həyata keçirilməsi zərurəti yaranmışdır. Xüsusi təhlükəli xəstəliklər, əsasən, bir heyvandan digərinə birbaşa təmas (kontakt) yolu ilə keçdiyindən, bu baxımdan ən riskli məkanlardan biri heyvan bazarları hesab olunur. Bu səbəbdən 25 oktyabr tarixindən etibarən respublika ərazisində bütün heyvan bazarlarının fəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırıb”.
O qeyd edib ki, məhdudiyyət tədbirləri mərhələli şəkildə tətbiq olunur:
“Əhali arasında məlumatlandırma və maarifləndirmə işləri aparılıb, bazarlarda baytarlıq-sanitariya vəziyyəti qiymətləndirilib. Bu addımın əsas məqsədi heyvanlar arasında təmasın qarşısını almaq və xəstəliklərin yayılma riskini minimuma endirməkdir. Heyvanların satışı birbaşa heyvandarlıq təsərrüfatlarında həyata keçiriləcək və buna hər hansı məhdudiyyət qoyulmur.
Eyni zamanda, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının qərarı ilə “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları” təsdiq edilib. Bazarlarda bioloji təhlükəsizlik tələblərinə uyğun yenidənqurma işləri aparıldıqdan və zəruri infrastruktur təmin edildikdən sonra onların fəaliyyəti bərpa olunacaq”.
 
                        