AZ

Londonda Azərbaycanın iqtisadi uğurları müzakirə olunub, Azərbaycan-Britaniya Biznes Şurası təsis edilib

Azərbaycanın Böyük Britaniyadakı səfirliyində “Azərbaycanın Suveren Kredit Reytinqi və İqtisadi Perspektivləri: Qafqazın və Mərkəzi Asiyanın Regional Potensialının Aşkarlanması” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Britaniyanın aparıcı şirkətlərində çalışan azərbaycanlı və xarici mütəxəssislər, “City of London” Korporasiyasının, dövlət qurumlarının nümayəndələri, iqtisadi sahə üzrə ekspertlər iştirak ediblər.

Tədbirin moderatoru qismində “Oliver Wyman” şirkətinin tərəfdaşı və Azərbaycan üzrə rəhbəri Camal İsmayılov çıxış edib. O, cari ildə Azərbaycanın iqtisadi inkişaf yolunda mühüm nailiyyət əldə etdiyini vurğulayıb. Belə ki, “Moody’s” Beynəlxalq Reytinq Agentliyi tərəfindən Azərbaycan Respublikasının suveren kredit reytinqi göstəricisinin “Ba1” səviyyəsindən “Baa3” investisiya səviyyəsinə yüksəldilib. Xüsusilə son on il ərzində Azərbaycan hökumətinin iqtisadi sahədə aydın və məqsədyönlü strategiya həyata keçirdiyini, ölkənin iqtisadi dayanıqlılığının gücləndirdiyini və uzunmüddətli rəqabət qabiliyyətinin artırdığını söyləyib. “Moody’s” təşkilatının, eləcə də digər reytinq agentliklərinin Azərbaycanla bağlı müsbət qərarının ölkədə aparılan iqtisadi islahatlara göstərilən böyük etimadın nəticəsi olduğunu söyləyib. Camal İsmayılov qeyd edib ki, bu nailiyyət Azərbaycanı daha da ruhlandırmalı, institusional islahatları dərinləşdirməyə, özəl sektoru genişləndirməyə və Birləşmiş Krallıq da daxil olmaqla, dünyadakı tərəfdaşlarla iqtisadi əlaqələri möhkəmləndirməyə sövq etməlidir.

Panel müzakirə zamanı “Moody's” Kredit Agentliyinin vitse-prezidenti Daniela Re Frasçini və “Oppenheimer & Co” İnvestisiya Bankının aparıcı analitiki Gabin Levy çıxış edib.

Onlar Azərbaycanın suveren kredit reytinqi və iqtisadi dayanıqlılığı barədə məlumat veriblər. “Moody’s” kredit agentliyinin Azərbaycanla bağlı reytinq qərarını əsaslandıran ölkənin fiskal siyasəti, makroiqtisadi göstəriciləri, neftdən asılılığının azaldılması, iqtisadi şaxələndirmə səyləri, investor etimadı, institusional islahatlar, maliyyə imkanları eləcə də Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda Azərbaycanın nəqliyyat, logistika və iqtisadi inteqrasiya nöqteyi nəzərindən strateji mövqeyi barədə fikirlərini bölüşüb. Mütəxəssislər xüsusilə 8 avqust Vaşinqton sammitindən sonra Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin ölkənin investisiya reytinqinin yüksəlməsinə əhəmiyyətli dərəcədə müsbət təsir göstərdiyini vurğulayıb.

Tədbir zamanı çıxış edən Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov bildirib ki, ölkəmizin əldə etdiyi nailiyyətlər Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uzaqgörən və müdrik siyasi, iqtisadi, sosial islahatların nəticəsidir. Səfir, həmçinin Azərbaycanla Ermənistan arasında ilkin sülh razılaşmasının imzalanması və normallaşma prosesinin yalnız iki ölkə üçün deyil ümumilikdə Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üçün yeni imkanlar açdığını diqqətə çatdırıb. Bununla regional ticarət və nəqliyyat dəhlizlərinin daha effektiv işləməsinə, enerji və logistika layihələrinin genişlənməsinə, həmçinin iqtisadi əməkdaşlıq və investisiya axınlarının artmasına əlverişli şəraitin yaranacağını vurğulayıb.

Tədbirin yekununda Azərbaycan - Britaniya Biznes Şurasının təsis edildiyi elan olunub. Təşkilatın əsas məqsədi iki ölkə arasında ticarət və iqtisadi əlaqələri gücləndirmək, biznes subyektlərinin bir-biri ilə əlaqə qurmasına dəstək vermək, ikitərəfli ticarətin, təcrübə və bilik mübadiləsini təşviq etmək, biznes icmasının maraqlarını müdafiə etmək və mədəni sahədə əlaqələri gücləndirməkdən ibarətdir.

Seçilən
6
11
yeniazerbaycan.com

10Mənbələr