AZ

Rey Kərimoğlu: Layihəmiz yekunlaşsa da, işlərimiz davam edəcək - Fotolar

Rey

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyəsi ilə Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası (AMZA ) İctimai Birliyi “Mina/PHS hadisəsi və onun təsirlərinin azaldılmasına dəstək” layihəsi çərçivəsində Tovuz rayonunda minadan zərərçəkənlərin siyahısının dəqiqləşdirilməsi, ehtiyaclarının öyrənilməsi işlərini yekunlaşdırır.

Reyting.az
xəbər verir ki, bunu AMZA-nın sədri Rey Kərimoğlu bildirib.

Onun sözlərinə görə, layihənin əsas məqsədi Qarabağ müharibəsində və ondan sonrakı mərhələdə mina/PHS (Partlamamış Hərbi Sursatlar) hadisəsi ilə bağlı müvafiq məlumatlar toplamaq, o cümlədən mina/PHS hadisəsindən zərərçəkmiş şəxslərin sosial ehtiyaclarını öyrənməkdir:

“Təşkilatımız ötən il Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 11 rayon və şəhərdə (Füzuli, Beyləqan, Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Goranboy, Naftalan, Bakı, Sumqayıt və Abşeronda) layihə həyata keçirib.

Bu il isə layihəni 8 rayonda və şəhərdə (Qazax, Tovuz, Ağstafa, Şəmkir, Göygöl, Daşkəsən, Gədəbəy rayonlarında və Gəncə şəhərində) icra edəcəyik”.

R. Kərimoğlu əlavə edib ki, adıçəkilən rayon və şəhərlərdə beynəlxalq forma olan İMSMA agentləri ilə sorğular keçirilir: “Toplanmış məlumatlardan mina/PHS-lərin insanların həyat və sağlamlığına vura biləcəyi zərərin qarşısını almaq və zərərin azaldılması, zərərçəkmiş şəxslərin sosial vəziyyətinin yaxşılaşdırılması üzrə effektiv proqramların hazırlanması üçün istifadə etməkdir. Artıq Tovuz rayonunda sorğuların keçirilməsini əsasən başa çatdırmışıq. Tovuzda ən çox minadan və partlamamış hərbi sursatdan zərərçəkənlər Ermənistanla həmsərhəd olan kəndlərdədir. Məsələn, təkcə Əlibəyli kəndində iyirmiyə yaxın sakin zərər çəkib. Biz Əlibəylidə olduq, kənddə yaşayanların problemlərini öyrəndik. Gücümüz çatan qədər kömək edəcəyik. İşimizin çətinliyi ondan ibarətdir ki, bəzi minadan zərərçəkənlər qeydiyyatda olduqları ərazidə yaşamırlar. Hətta xarici ölkələrə köçənləri də var. Buna baxmayaraq, biz onların ailə üzvləri ilə görüşür, onların vasitəsi ilə həmin şəxsləri sorğuya cəlb etməyə çalışırıq”.

Xatırladaq ki, ANAMA-nın təqdim etdiyi rəsmi məlumatlara görə, 1991-ci ildən 2025-ci ilin 2 iyun tarixləri müddətində mina qurbanlarının sayı 3 400-dən artıqdır. Onlardan 362 nəfəri uşaq, 38 nəfəri qadındır. 2020-ci ilin noyabr ayından 2025-ci ilin bu gününə qədər mina qurbanlarının sayı 410 nəfər təşkil edir. Onlardan 71-i həlak olub, 339-i yaralanıb.






Seçilən
3
2
reyting.az

10Mənbələr