AZ

Böyük Qayıdışın Zəngilan mərhələsi böyük tarix deməkdir...


Azərbaycanın son illərdə ən mühüm tarixi nailiyyətlərindən biri işğaldan azad edilmiş torpaqlara Böyük Qayıdış prosesidir. Bu təşəbbüs təkcə ərazi bərpası və infrastruktur quruculuğu deyil, həm də milli yaddaşın, ədalətin və dövlətçilik ideallarının bərpası kimi dəyərləndirilir.

İndi ölkənin müxtəlif ərazilərində məskunlaşaan keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtması geniş vüsət alıb. Bir çox hallarda onlara yeni mənzillərinin açarları isə prezident İlham Əliyev tərəfindən təqdim olunur. Dövlət başçısının Cəbrayıl və Zəngilan rayonlarına son səfərləri fonunda bunu bir daha görmək mümkündür.

“Ədalətə inanmaq və onu təmin etmək lazımdır”

Qeyd edək ki, prezidentin budəfəki səfəri həm də azad olunan ərazilərdə çoxsaylı açılışlarla da yadda qaldı. Belə ki, prezident İlham ƏliyevCəbrayılrayonuna səfəri çərçivəsindəCəbrayıl şəhərində ikinci və üçüncü yaşayış komplekslərinin,şəhər məscidinin, rayonun Şahvəlli kəndində hər birinin gücü 50 meqavat olan “Şəms” və “Üfüq” Günəş Elektrik stansiyalarının təməlini qoyub. Dövlət başçısı Hacıqabul-Bəhrəmtəpə-Ermənistan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 197-ci kilometrindən Cəbrayıl rayonu ərazisində inşa olunan “Şəfəq” Günəş Elektrik Stansiyasına gedən avtomobil yolunun,Zəngilan rayonunun Ağalı kəndinin 2-ci mərhələsinin və Məmmədbəyli kəndinin açılışlarında iştirak edib,Zəngilan şəhərində 104 mənzilli yaşayış kompleksində görülmüş işlərlə tanış olub.

Bunlarla yanaşı, İlham Əliyev Cəbrayıl rayonunun Horovlu,Zəngilan rayonunun Məmmədbəyli və Ağalı kəndlərinin sakinləri ilə görüşüb, bura köçənsakinlərə mənzillərin açarlarını təqdim edib. Bütün bunlar həm də “Böyük Qayıdış” proqramının uğurla icrasından xəbər verir. Horovlu sakinləri ilə görüşdə dövlət başçısı bununla bağlı qeyd edib: “Böyük Qayıdış”ın əyani sübutu bu gün gözünüzün önündədir. Belə gözəl şərait yaratmaqla Azərbaycan dövləti bir daha öz siyasətini göstərir. İşğal dövründə ovaxtkı köçkünlərlə çoxsaylı görüşlərimdə mən demişdim ki, torpaqlar işğaldan azad olunandan sonra şəhərlərimiz, kəndlərimiz yenidən qurulacaq, əvvəlkindən daha gözəl olacaq. Bugünkü gün bu sözlərin əyani sübutudur. Bu gün sizin həyatınızda yeni dövr başlayır. Siz uzun illər - 30 il ərzində ağır şəraitdə köçkün, qaçqın həyatını yaşamısınız, mənəvi əzablar çəkmisiniz. Xüsusilə işğalın ilk mərhələsində köçkünlərin mütləq əksəriyyəti çadır şəhərciklərində yerləşmişdir. Ona görə bugünkü reallıq, bugünkü gün, o cümlədən ədalətin təntənəsidir. Ədalətə inanmaq və onu təmin etmək lazımdır. Bax, bizim xalqımız həm ədalətə inanıb, həm də onu təmin edib. Bu torpaqların sahibləri bizik. Düşməni öz torpaqlarımızdan qovmuşuq və bu gün gözəl həyat qururuq”.Bu qayıdış təkcə insanların fiziki olaraq torpaqlarına dönməsi deyil, həm də tarixi ədalətin, milli qürurun və dövlət suverenliyinin bərpası anlamını daşıyır. Qeyd edək ki, Azərbaycan hökuməti “Böyük Qayıdış” proqramını mərhələli şəkildə həyata keçirir. 2022-ci ildə təsdiqlənmiş “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı” bu prosesin əsas yol xəritəsini müəyyən edib. Proqramın məqsədi bölgələrin iqtisadi, sosial və ekoloji cəhətdən bərpası, dayanıqlı məskunlaşma mühitinin yaradılması və köçkünlərin təhlükəsiz şəkildə geri dönməsini təmin etməkdir. Proqram çərçivəsində azad edilmiş torpaqlarda “ağıllı şəhər” və “ağıllı kənd” layihələri həyata keçirilir. Zəngilanın Ağalı kəndi artıq bu modelin real nümunəsinə çevrilib. Burada müasir enerji, su, nəqliyyat və təhsil infrastrukturu yaradılıb, əhali üçün ekoloji təmiz yaşayış şəraiti təmin olunub.

Qayıdan insanların işlə təminatı xüsusi diqqət mərkəzindədir

“Böyük Qayıdış”ın ən vacib istiqamətlərindən biri infrastrukturun bərpasıdır. Qarabağ və Şərqi Zəngəzurda yollar, körpülər, tunellər, elektrik və qaz xətləri sürətlə inşa edilir. Zəfər yolu, Füzuli–Şuşa avtomobil magistralı, Laçın və Kəlbəcər tunelləri, Füzuli, Zəngilan, Laçınbeynəlxalq hava limanları kimi layihələr regionun yeni inkişaf xəritəsini formalaşdırır. Bu infrastruktur yalnız insanların geri dönüşünü deyil, həm də iqtisadi fəallığın bərpasını təmin edir. Artıq azad edilmiş ərazilərdə sənaye parkları – Ağdam, Cəbrayıl, Zəngilan və Laçın sənaye zonaları yaradılır. Burada kənd təsərrüfatı, emal, turizm və bərpa olunan enerji sahələri üzrə layihələr reallaşır.

Azad olunmuş ərazilərdə ekoloji tarazlığın bərpası və yaşıl enerji siyasəti xüsusi diqqət mərkəzindədir. Qarabağ və Şərqi Zəngəzur “Yaşıl Enerji Zonası” elan edilib. Burada günəş və külək enerjisi stansiyalarının inşası planlaşdırılır. Bu addımlar Azərbaycanın enerji təhlükəsizliyini gücləndirməklə yanaşı, regionun ekoloji dayanıqlığını da təmin edir. Ərazilərin minalardan təmizlənməsi isə qayıdış prosesinin ən çətin, lakin ən vacib mərhələsidir. Minatəmizləmə işləri dövlət qurumları və beynəlxalq tərəfdaşlarla birgə həyata keçirilir. Bu, həm humanitar, həm də təhlükəsizlik baxımından “Böyük Qayıdış”ın əsas şərtidir. Böyük Qayıdışın mərkəzində insan amili dayanır. Dövlət azad olunmuş ərazilərdə vətəndaşların rahat və təhlükəsiz yaşayışını təmin etmək üçün bütün sosial təminat mexanizmlərini işə salıb. Yeni məktəblər, xəstəxanalar, uşaq bağçaları, ictimai xidmət mərkəzləri tikilir. Köç prosesinin mərhələli aparılması ilə minlərlə ailə artıq doğma torpaqlarına dönüb. Qayıdan vətəndaşlara yeni iş yerləri, təhsil və sosial imkanlar yaradılır. Bu, həm də regionda sosial inteqrasiyanın və milli birliyin möhkəmlənməsinə xidmət edir. Yenə hHorovlu sakinləri ilə görüşdə prezident bildirib: “Cəbrayıl rayonunda iş yerləri də yaradılır. “Araz Vadisi” sənaye zonası artıq fəaliyyətdədir. Orada üç müəssisə fəaliyyət göstərir. Amma yaxın gələcəkdə onların sayı təqribən 20-yə çatacaqdır. Yəni, iş yerləri ilə bağlı burada heç bir problem olmayacaq... Eyni zamanda, biz daim iş yerlərinin yaradılması ilə bağlı işləyirik. Burada da kənd təsərrüfatı ilə, heyvandarlıqla məşğul olmaq üçün şərait yaradılacaq. Təbii ki, artıq istifadəyə verilmiş digər kəndlərdə olduğu kimi, həyətyanı sahələrdə də əkin-biçinlə məşğul olmaq mümkündür. Hər biriniz üçün on iki sot həyətyanı sahə ayrılıb. Amma burada digər böyük yerlərdə, yəni, həm örüş, həm də ki, əkin üçün yararlı olan torpaqlarda kənd təsərrüfatı ilə məşğul olmaq mümkün olacaqdır. Yəni, Qarabağda, Şərqi Zəngəzurda işsizlik olmamalıdır. Bütün bu şəhər və kəndlər tikiləndə bunu biz əsas vəzifə kimi qarşıya qoyuruq ki, burada yaşayan insanlar işlə təmin olunsunlar”. Beləliklə, sözügedən qayıdışla Azərbaycan öz tarixini yenidən yazır, Qarabağı və Şərqi Zəngəzuru müasir, inkişaf etmiş bölgələrə çevirir.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.

Seçilən
32
baki-xeber.com

1Mənbələr