AZ

“Məncə, nəticə milli komandamız üçün mütləq uğurdu” Teymur Rəcəbov

ain.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kişi şahmatçılardan ibarət yığmamızın kapitanı, Dünya Kubokunun qalibi Teymur Rəcəbov Azərbaycan Şahmat Federasiyasının saytına müsahibə verib. O, yığmanın Avropa çempionatında gümüş medal qazanmasından və kapitan kimi ilk uğurundan danışıb.- Kişi şahmatçılarımız 8 ildən sonra qitə çempionatında medal qazandı. Yekun nəticə barədə fikirləriniz maraqlıdı...- Azərbaycan reytinqə görə turnirin dördüncü komandası idi. Çempionat ərzində qızıl medal uğrunda mübarizə apardıq və sonda gümüş medal qazandıq. Məncə, nəticə milli komandamız üçün mütləq uğurdu.- Üçqat Avropa çempionları olan Azərbaycan yığmasına qızıl medal qazanmaq üçün nə çatmadı?- Son tur ərəfəsində Azərbaycan və Ukrayna komandalarının hər biri 13 xal toplamışdı. Vəziyyətə nikbin baxırdıq və Serbiya ilə görüşdə qələbə qazanmağı hədəfləyirdik. Ukrayna komandası qalib gəlsəydi, tay-breyklərə əsasən birinci yeri tutmaq üçün matçımızda böyükhesablı qələbəyə ehtiyacımız olacaqdı. Şahmatçılar döyüşkən əhval-ruhiyyədəydilər və qızıl medal uğrunda mübarizə aparmaq üçün digər matçlara nisbətən daha çox riskə getdilər. Matçın əvvəlində vəziyyət kifayət qədər bərabər görünürdü, müəyyən oyunlarda bəzi açılış problemləri var idi və digər lövhələrdə də təzyiq görünürdü. Ukrayna komandası oyununu inamla oynadı və qalib gəldi, ona görə də son turda az fərqlə qələbə qazansaq belə, gümüş medal qazanacaqdıq. Hamı sona qədər mübarizə apardı və düşünürəm ki, son turda bəxt bizim tərəfimizdə olmadı.- Teymur Rəcəbov kapitan kimi ilk mükafatını qazandı. Uzun illər çıxış etdiyiniz komandada kapitan olmaq necə hissdi?- Düşünürəm ki, milli komanda şahmatçılara kapitan kimi dəstəyim bu çempionatda tam özünü doğrultdu. Ən yüksək səviyyədə yarışmağa çalışdıq, mehriban komanda kimi düzgün mühit yaratmağa nail olduq. Şahmatçıların çoxunu illərdi tanıyıram və buna görə də milli komandamızın maraqları naminə birlikdə çalışmaq çox xoş oldu.- Milli komandanın yeni üzvlərinin - Aydın Süleymanlı ilə Məhəmməd Muradlının çıxışı barədə nə düşünürsüz?- Həm Aydın Süleymanlı, həm də Məhəmməd Muradlı güclü şahmatçıdır, döyüşkəndilər, özlərini sübut etməyə can atırlar, nə qədər çətin olsa da, hər matçda oynamağa hazır olduqlarını göstərdilər. Onlarla ünsiyyət qurmaq asandı. Hər ikisi məşqləri davam etdirməlidi. Gərgin hazırlığı davam etdirməklə, çox işləyərək reytinqlərini 2700-ə çatdırmaq şansları var. Amma bu, gərgin hazırlıq sabah və ya o biri gün yox, bu gün başlamalıdı. Mən onlara inanıram, onları çox yaxından izləyirəm. Onların qarşıda böyük bir gələcəyi var. Bu şahmatçıların qətiyyəti gələcəkdə milli komandanın nəticələrinə birbaşa təsir edəcək.- Şahmatçı kimi mübarizə aparmaq və ya kapitan olmaq - hansı daha çətindi?- Əsas məqsədim həmişə xalqımızın, şahmata və şəsxən mənə böyük dəstək göstərən Ümummilli Lider Heydər Əliyevin, şahmata və şahmatçılara çox vaxt ayıran, bütün uğurlarımızı izləyən hörmətli prezidentimiz İlham Əliyevin gözləntilərini doğrultmaq olub. Dövlət başçısının rəhbərliyi altında ölkəmizdə Dünya Kuboku, Olimpiada, dünya çempionatı və başqa önəmli yarışlar keçirilib. Azərbaycan fərdi və komanda yarışlarında saysız-hesabsız qələbələr qazanıb. Şahmatçı və ya kapitan kimi əsas məqsəd qalib gəlməkdi. Əlbəttə, kapitanın daha çox məsuliyyəti var.- Sonda şahmat həvəskarlarına, milli komandanın azarkeşlərinə nə demək istərdiz.- Komandamıza və şəxsən mənə göstərdikləri dəstəyə görə şahmat azarkeşlərinə dərin minnətdarlığımı bildirmək istəyirəm. Həmçinin çox sayda mesaja cavab verə bilmədiyim üçün üzr istəyirəm. Hamısını oxumağa çalışıram. Azarkeşlərin dəstəyinə görə çox minnətdarıq. Şahmat oynayın və bu inanılmaz oyunu sevin.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
20
icma.az

10Mənbələr