Cənubi Qafqazda Qərblə Rusiyanın ölüm-dirim savaşı güclənir; Ermənistanın Moskvanın orbitinə qayıtmaq riski var
Amerikanın “The National Interest” nəşri Ermənistan Baş naziri Nikol Paşinyanın siyasi fəaliyyətini təhlil edib. Qəzetə görə, daxili tənqidlərə baxmayaraq, Ermənistan lideri Güney Qafqazda sülh və inteqrasiyaya nail olmaq üçün səylə çalışır.
Müəllifi Cozef Epşteyn olan məqalədə qeyd olunur ki, üfüqdə yekun sülh müqaviləsi və gələn il keçiriləcək parlament seçkiləri ilə bağlı “stavkalar” yetərincə yüksəkdir və Paşinyan hakimiyyətdə qalarsa, ölkəsini çoxdan gözlənilən sülh dövrünə daşıya bilər. Əks halda, qonşu Gürcüstan kimi, Ermənistan da Moskvanın orbitinə geri dönmək riski ilə üzləşəcək ki, bu da regionda münaqişəni yenidən alovlandıra bilər.
Nəşr hesab edir ki, əgər ABŞ sülhü təmin etmək istəyirsə, Paşinyanın siyasi varlığını təmin etməlidir. “Vaşinqton həmçinin sülhə qarşı çıxan varlı erməni diasporların təzyiqinə qarşı durmalıdır. Ermənistanın tranzit ölkə kimi rolu ABŞ-ın maraqları üçün birbaşa əhəmiyyət kəsb edir. Tezliklə sərhədləri aça biləcək sülh müqaviləsi ilə Ermənistanın Şərqlə Qərb arasında əsas tranzit mərkəzi kimi özünü təsdiqləmək üçün unikal fürsəti var. Xüsusən də Rusiya, İran və Qırmızı dənizdən keçən marşrutlar qlobal münaqişələr səbəbindən qeyri-sabit hala gəldiyi bir vaxtda”, - deyə müəllif vurğulayır və ardınca bildirir ki, Moskvanın geri çəkiləcəyi ehtimalı azdır, çünki Rusiyanın İrəvandakı səfiri Kopırkin açıq şəkildə ölkəsinin nəinki Cənubi Qafqazı tərk etmədiyini, üstəlik, Gümrüdəki bazasının Ermənistanın təhlükəsizliyi üçün həyati əhəmiyyətli bir struktur olduğunu bildirib.
Müəllifin sözlərinə görə, Paşinyanın uğur qazanmasına dəstək ABŞ üçün yalnızca bir liderin mövcudluğu məsələsi deyil: “Bu, sülhün və suverenliyin postsovet məkanında birlikdə mövcud ola biləcəyinin sübutudur. ”Əgər Moskva Paşinyanı vəzifəsindən uzaqlaşdırmağa müvəffəq olsa, çox güman ki, revanşist ermənilərin narazılığından və millətçiliyindən istifadə edib Azərbaycanla münaqişəni yenidən alovlandıracaq, iki tərəfi bir-birinə qarşı qoyacaq, və vaxtilə olduğu kimi, onları Rusiyanın təsiri altına salmağa salacaq. Ermənistanın gələcəyi və bəlkə də hətta bölgədə sabitlik bundan asılıdır", - Cozef Epşteyn fikrini tamamlayıb...
Bu arada isə rusiyalı analitik Andrey Nikulin “Nver Mnatsakanyanla bir gün” proqramında son dərəcə təxribatçı bir açıqlama verib. Onun iddiasına görə, Rusiyada belə bir mövqe mövcuddur ki, yüz il əvvəl baş vermiş hadisələrin Qafqaz regionunda yenidən təkrarlanması istisna deyil: “Azərbaycan və Ermənistan üçün ”Yoldaş Frunze" ssenarisi təkrarlana bilər".
Onun sözlərinə görə, guya Moskvanın regiona qayıdaraq respublikaları özünə tabe etməsi variantı tamamilə mümkündür: “Ermənilər üçün İrandakı hadisələr vacibdir, Azərbaycan isə Rusiya ilə qarşıdurmanın növbəti mərhələsinin uzaqda olmadığını anlayır. Rusiya və Azərbaycan rəhbərlikləri arasında barışıq əldə olunmayıb, tərəflər məcburən qarşıdurmanı gələcəyə ”təxirə" salıblar" (Axar.az).
Qeyd edək ki, “Yoldaş Frunze” ssenarisi deyərkən Cənubi Qafqazın hərbi yolla Rusiyanın nəzarətinə qaytarılması nəzərdə tutulur.
Güney Qafqaza, konkret olaraq Azərbaycana və Ermənistana həm Qərb nəşrində, həm də rusiyalı ekspertin açıqlamasında haqqında danışılan təhlükələr nə dərəcədə ciddidir?
Professor Qabil Hüseynli “Yeni Müsavat”a bildirib ki, Rusiyanın Azərbaycana təhdid imkanları sıfırın altındadır. Onun sözlərinə görə, Şuşa bəyannaməsi var və şimal qonşumuz ölkəmizdə hər hansı xain ssenarilər həyata keçirə bilməz. Professorun fikrincə, Rusiyanın Ermənistana isə təzyiq və təhdid üçün əlində rıçaqlar saxlanmaqdadır:
“Ona görə də narahatlıq Ermənistanla bağlıdır. Gələn ilin kritik seçkilərindən də Paşinyan salamat çıxmağı bacarsa, ona zaval yoxdur. Bununla da revanşist qüvvələr tamamilə məğlub olacaq və bir daha müqavimət göstərməyə enerjisi qalmayacaq. Zənnimcə, Qərb də Rusiyanın planlarını hesablayır və çevriliş niyyətinə qarşı əks addımlar hazırlayır. Bu gün ABŞ və Avropa Birliyi Paşinyanı qorumağa məhkumdur. Çünki söhbət təkcə Nikolun hakimiyyətindən getmir, Ermənistanın itirilməsi və Rusiyanın peykinə qayıtması təhlükəsi yaranacaq. Qərbin isə Ermənistanda Paşinyandan başqa dəstəklədiyi qüvvə alternativ namizədi yoxdur. O səbəbdən onu müdafiə etməyə borcludurlar.
Yeri gəlmişkən, Paşinyanın belə bir ərəfədə Fransaya səfəri və Makronla görüşü də Qərbdən verilən dəstəyin göstəricisidir. Hər nə qədər Makron Azərbaycana xoş münasibət bəsləməsə də, onun dəstəklədiyi Paşinyanın hakimiyyətdə qalması bizə daha sərfəlidir, nəinki ruspərəstlərin iqtidara qayıdışı. Odur ki, gələn il Ermənistanda Qərb-Rusiya toqquşması olacaq. Bu, Cənubi Qafqazın taleyinə ciddi təsir edəcək".
![]()
Qabil Hüseynli
Q.Hüseynli qeyd edib ki, Moldova prezidenti Maya Sandu da Rusiyanın Ermənistanda siyasi dəyişikliyə hazırlaşdığını açıqlayıb: “Sandu Qərbin adamıdır və ciddi kəşfiyyat məlumatlarına istinad edir. O deməkdir ki, Avropa Kremlin İrəvanda hansı addımlar atacağını indidən dəqiqləşdirib. Ümumiyyətlə, Rusiya gələn il seçkilərdə çevriliş edə bilməsə, onun Ermənistanda təsirləri tamamilə zəifləyəcək. Azərbaycana gəldikdə isə burada Rusiya təsiri minimuma endirilib. Ramiz Mehdiyev və Nəcməddin Sadıkov kimi siyasi və hərbi rəhbərlikdə vaxtilə təsirləri olmuş qruplar zərərsizləşdirilib. O cəhətdən daxildə risklər yoxdur. Amma Paşinyanın yerinə ruspərəstlərin gəlməsi nəticəsində yenidən münaqişənin alovlanması ehtimalı haqda deyə bilərəm ki, gözləntilərim azdır. Rusiya yenidən müharibəni başlada bilməz. Əvvəla, özü Ukrayna müharibəsindən çıxa bilmir. Digər tərəfdən, Türkiyə faktoru var. Üstəlik, erməni cəmiyyəti də o əhvalda deyil. Sadəcə, 8 avqust razılaşmalarını pozmağa, sülh prosesini yubatmağa çalışa bilər. Bu da erməni xalqına heç nə verməyəcək. Məncə, erməni cəmiyyəti reallığı dərk edir. Yəni başa düşür ki, Paşinyansız bu ölkə hara gedəcək. Bu zaman sıfır nöqtəsinə qayıtmaq erməni xalqına növbəti fəlakət və uçurum vəd edir. Əgər bunu istəyirlərsə, Rusiyanın ağuşuna qayıtsınlar. Yox, xalqın ağlı varsa, Moskvanın yox, Paşinyanın arxasınca getməlidir”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”