AZ

Rəssamlıq sənətinin əbədiyyət ünvanının sakini

Böyük bir nəslin davamçısı idi. Babaları doğma yurdları - Azərbaycanın ən qədim yaşayış məskənlərindən olan Şahtaxtı kəndinin adını özlərinə soyad götürmüşdülər. Bu soyadı şahtaxtlıların vətənpərvər, istedadlı, müxtəlif sahələrdə uğur qazanan nümayəndələri tanıtdı, məşhurlaşdırdı. Elmira Şahtaxtinskaya da  rəssam oldu. Neçə-neçə ölməz əsəri ilə Azərbaycanın incəsənət tarixinə adını əbədi yazdı.

Elmira xanımın babası Baxşəli ağa Şahtaxtinski Naxçıvanda dövlət qulluqçusu olub. Sözükeçərliyi, vətənpərvərliyi ilə ad qazanmış Baxşəli ağadan çəkinən ermənilər ona düşmən kəsiliblər. Çünki Baxşəli ağa kimi igidlərin, yurdsevərlərin sayəsində məkrli planlarını reallaşdıra bilməyiblər. Bir gün fürsət tapan ermənilər onu oğlu ilə birlikdə qətlə yetiriblər. Sağ qalan oğulları bundan sonra çox çətinliklərlə uzləşiblər. Ancaq ataları kimi onları da heç bir çətinlik yollarından döndərə bilməyib. Qətiyyətləri, dəyanətləri sarsılmağa, ruhdan düşməyə qoymayıb. Sonralar öz zəhmətləri və istedadları ilə ayrı-ayrı sahələrdə tanınıblar.

Elmira Şahtaxtinskayanın atası Həbibulla bəy kimyaçı alim kimi məşhur olub. O, kimya elmləri doktoru, professor, Azərbaycan SSR Milli Elmlər Akademiyasının akademiki, Əməkdar elm xadimi idi. Elmira xanımın anası Leyla xanım isə Tibb İnstitutunu bitirib. Leyla xanım da şöhrətli bir nəslin - Qacarların davamçısı, Bəhmən Mirzənin nəvəsi idi.

Beşuşaqlı ailənin üçüncü övladı olan Elmira xanım 1930-cu il oktyabrın 25-də Bakıda dünyaya göz açıb. Qardaş və bacıları orta məktəbdə oxuduqları illərdə kimya, fizika elmlərinə maraq göstərib, sonradan həmin sahələrdə tanınmış mütəxəssis olub, ad-san qazanıblar. Qardaşı Məhəmmədəmin Şaxtaxtinski fizika elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiaysının həqiqi üzvü, Əməkdar elm xadimi olub. Bacıları da alimlik dərəcələri alıblar.

Elmira xanım isə ailə ənənəsindən kənara çıxıb. Amma bu, onun yox, valideynlərinin arzusu olub. Hələ balaca ikən qızlarının şəkil çəkməyi sevdiyini görən ata-anası qərara gəliblər ki, Elmiranı bu sahəyə - rəssamlığa yönəltsinlər.

Elmira Şahtaxtinskaya orta məktəbi bitirdikdən sonra Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə daxil olub. Xasiyyəti belə olub - hər yerdə birinci olmalı imiş. Kölgədə qalmaq ona yad idi, harda olsa, təşəbbüsü ələ alardı. Rəssamlıq Məktəbində də tezliklə fəal, əlaçı tələbə kimi tanınıb.

Rəssamlıq sənəti getdikcə onu daha çox özünə çəkib. Onun incəliklərini böyük həvəslə öyrənib. Bu maraqla Bakıda Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirdikdən sonra Moskvaya gedib. Təhsilini Moskva Surikov adına Rəssamlıq İnstitutunda davam etdirib.

Sonuncu kursda Bakıya yay tətilinə gələndə "Azərnəşr"dən sifariş götürüb. Bir müddət sonra çəkdiyi rəsmi gətirib. Bu qədd-qamətli, suyuşirin qız gənc rəssam, "Azərnəşr"də bədii redaktor işləyən Oqtay Sadıqzadənin ilk baxışdan ürəyinə yatıb. Amma bir-birlərini yaxından tanımağa macal tapmayıblar. Dərslər başlandığı üçün Elmira xanım Moskvaya qayıdıb.

Bir il ötüb. Gənclər yenə də "Azərnəşr"də qarşılaşıblar. Elmira Şahtaxtinskaya təhsilini başa vurub həmişəlik Bakıya dönmüşdü. Rəssam qızın təyinatını "Azərnəşr"ə vermişdilər. Artıq bir yerdə çalışacaqdılar. Elmira Şahtaxtinskaya Oqtay Sadıqzadənin redaktorluğu altında işləyəcək, Plakat şöbəsinə rəhbərlik edəcəkdi.

İstiqanlı, ünsiyyətcil Elmira xanım üçün iş yoldaşları ilə dil tapmaq çətin olmayıb. Çox keçməyib ki, işdə hamının sevgisini qazanıb. Oqtay Sadıqzadə isə ilk görüşdən bəyəndiyi rəssam qızı yaxından tanıdıqca, halına-xasiyyətinə bələd olduqca daha çox sevib. 34 yaşlı Oqtay Sadıqzadə o vaxtadək çox ağır günlər keçirmişdi. Onun atası yazıçı, tənqidçi Seyid Hüseyn repressiya dövründə "xalq düşməni" adı ilə həbs olunub güllələnmişdi. Anası şairə Ümgülsüm xanım isə sürgün edilmiş, orada sağlamlığını itirmişdi. Odur ki, geri döndükdən sonra çox yaşamamışdı. "Xalq düşməni"nin övladları kimi Oqtay Sadıqzadə və qardaşı Cığatay da müsibətlər çəkmişdilər. Alman faşist ordusunun Sovet İttifaqı ərazilərinə hücumu ilə başlayan müharibə illərində onlar hərbi xidmətə çağırılmışdılar. Amma digər "xalq düşmənləri"nin oğlanları kimi cəbhəyə yox, fəhlə batalyonuna göndərilmişdilər. Çox ağır işlərdə çalışan, əzab-əziyyətlər çəkən gənclərin hamısı fəhlə batalyonlarından geri əldən düşmüş, xəstə qayıtmışdılar. Əvvəldən arıq, zəif olan Cığatayı çəkdiyi işgəncələr sağalmaz xəstəliklərə düçar etmişdi. Gənc yaşında vəfat edən Cığatayın dərdi Oqtayın qəlbinə dağ çəkmişdi. 

Elmira Şahtaxtinskayanın əmisi də Sovet hakimiyyətinin "təmizləmə" siyasətinin bəlasını görmüşdü. O, kiçik yaşlarından evlərində valideynlərini "xalq düşməni"nin qohumu olmaq xofuyla yaşayan görmüşdü... 

İosif Stalinin ölümündən və Mircəfər Bağırovun həbsindən sonra bir az rahat nəfəs almağa başlamışdılar. Həmin vaxtlarda Oqtaya İnşaatçılar prospektində "Rəssamların binası" deyilən binada ikiotaqlı mənzil də verdilər. O, Elmira xanıma evlənmək təklifi etdi və qızın razılığını aldı.

İllər öncə həmsöhbətimiz olmuş Xalq rəssamı Oqtay Sadıqzadə həmkarı Elmira xanımla ailə qurmağının həyatına da, yaradıcılığına da müsbət təsir göstərdiyini demişdi: "Elmira heç vaxt çəkdiyim rəsmlərə laqeyd qalmır, məni həvəsləndirirdi. Şübhəsiz, o da mənim barəmdə eyni fikirdəydi. Sonralar evimizdəki rəssamlıq barədə söhbətlərdən oğlumuz da kənarda qalmırdı. Çünki artıq o da bizimlə eyni sənətdəydi. Altaya nə mən, nə də anası "rəssam ol" demişdik. Sadəcə, göz açdığı mühit özü onu bu sahəyə gətirdi". 

Oqtay Sadıqzadə danışırdı ki, Elmira xanım Rəssamlıq İnstitutunun Plakat şöbəsini bitirmişdi. O vaxtlar bu sahəni siyasətlə çox əlaqələndirirdilər, rəssamlara sifariş edilən plakatlar Sovet hökumətinin ideyalarına xidmət etməli idi. Elmira xanımın da dövrün tələbi ilə çəkdiyi plakatlar var, əsasən sülh, neft, pambıqçılıq mövzularındadır. O, ilk vaxtlar daha çox belə əsərlər çəkirdi. Həmin plakatlar Elmira xanımın yaradıcılığında bir növ keçid rolunu oynayıb. Rəssamın yaradıcılığı bu cür mövzularla məhdudlaşmayıb. Və təcrübəsi artdıqca belə əsərlər onu qane etməyib. Elmira Şahtaxtinskaya bir müddət sonra başqa sahəyə keçib. O, "Azərbaycan qədim mədəniyyət diyarıdır" adı altında 30-dək əsər yaradıb. İmaddədin Nəsimi, Məhəmməd Füzuli, Nəsrəddin Tusi, Məhsəti Gəncəvi, Əcəmi Naxçıvani, Üzeyir bəy Hacıbəyli, Hüseyn Cavid, Səməd Vurğun, Səttar Bəhlulzadə, Fikrət Əmirov, Qara Qarayev və başqalarının portretlərini çəkib. Tarixi mövzulara müraciət etmək, görkəmli şəxsiyyətlərin portretlərini yaratmaq rəssamdan tariximizi, ədəbiyyatımızı, incəsənətimizi dərindən öyrənməyi tələb edirdi. Elmira xanım qəlbindəki xalqına, ölkəsinə olan dərin sevgi ilə bu işlərin öhdəsindən uğurla gəlib, hər əsəri üçün yorulmadan araşdırmalar aparıb, zəngin materiallar toplayıb. 

Dəfələrlə xarici ölkələrdə keçirilən sərgilərdə iştirak edən, əsərləri böyük maraqla qarşılanan Elmira Şahtaxtinskaya peşəkar rəssam idi. Oqtay Sadıqzadə onun sənətinə bağlılığından, işlərinə ciddi münasibətindən heyranlıqla söz açırdı: "Elmira dövlət sifarişiylə çəkdiyi siyasi plakatları belə başdansovdu işləməzdi. Ancaq bir xasiyyəti vardı ki, sifarişlə götürdüyü işə vaxtında başlamazdı. Hansısa hadisəyə, tədbirə həsr etməli olduğu plakatı saxlayar-saxlayar, üç-dörd gün qalmış çəkməyə başlayardı. Nə gecəsi olurdu, nə gündüzü. Dincliyini itirirdi. İstirahəti unudurdu. 3-4 gün sonra taqətdən düşmüş halda çıxırdı emalatxanadan. Ancaq əgər söz vermişdisə, o işi mütləq görməli idi. Başqa cür mümkün deyildi. Özünə qarşı həddindən artıq tələbkar idi. Bir əsər üçün 20-30 eskiz edirdi. Onun rəssamlıqla məşğul olmaq üçün xüsusi iş saatı yox idi. Nə vaxt ürəyinə, ağlına doldu, fırçasını o vaxt alırdı əlinə. Bir də işləyəndə emalatxanasının qapısını heç kimin üzünə bağlamazmış. Elmira xanım adam yanında, məsləhətləşə-məsləhətləşə daha həvəslə işləyirmiş. "Rəssamların çoxu tənqid edilmək istəmirlər. Elmira isə səhvlərini eşitməyə həmişə hazır idi". 

Laqeydlik, etinasızlıq ona yad olub. Oqtay Sadıqzadə onun öz fikirlərinin üstündə axıradək dayandığını bildirirdi. Xatırlayırdı ki, Rəssamlar İttifaqında nəsə düzgün olmayanda Elmira xanım onun aradan qaldırılması üçün əlindən gələni əsirgəmirdi. Əhatəsindəkiləri həmişə özününkü bilirdi: "Mənim həyat yoldaşım", "mənim oğlum", "mənim şəhərim", "mənim küçəm", "mənim respublikam" fikri ilə yanaşırdı ətrafındakılara: "Mənimdirsə, deməli, onun yolunda əlimdən gələni etməliyəm" düşüncəsi çox güclüydü onda. Özününkü bildiklərinə heç vaxt etinasızlıq göstərməzdi. Oqtay Sadıqzadə danışırdı ki, bir vaxtlar şəhərdə ağacları kəsməyə başladılar: "Elmira əməlli-başlı qəzəbləndi. Sözün əsl mənasında, mübarizəyə başladı. Bakı Soveti İcraiyyə Komitəsində baş aqronom işləyən Sinyavskiylə az qaldı əlbəyaxaya çıxsın. Mümkün olan bütün yerlərə getdi. İki ilini ağacların kəsilməsinin dayandırılmasına həsr etdi. Axır ki, istəyinə çatıb rahat nəfəs aldı".

Layiq olduğu bütün fəxri adlar ona verilib. Elmira Şahtaxtinskaya Xalq rəssamı, Əməkdar incəsənət xadimi  olub,  "Şərəf nişanı" ordeni ilə təltif edilib. 

İstedadlı, sevilən, gözəl xanım idi. Haqqında ehtiramla danışılırdı. Əsərlərinin uzunömürlü olacağına kimsə şübhə etmirdi. Ancaq bu xoşbəxt qadının, görkəmli sənətkarın bir məsələdə bəxti gətirməyib. Gənc yaşında ağır xəstəliyə düçar olub. Xəstəliyinin dərmansız, çarəsiz olduğunu adətən xəstədən gizlədirlər. Elmira xanımdan nəyi isə sirr saxlamaq mümkünsüz deyildi. Xərçəngə mübtəla olduğunu biləndə sarsılıb, amma özünü tez ələ alıb. Doğmalarına dayaq olub. Həkimlərin məsləhətini dinləyib, dərmanlarını vaxtlı-vaxtında qəbul edib. Sarsılmaz iradəsi, böyük həyat eşqi ilə o, 35 il bu xəstəliyi canında daşıyıb. Çarəsiz xəstə olduğunu bilə-bilə həvəslə yaşayıb, əvvəlkitək deyib-gülüb, şənlənib, çalışıb, ən gözəl əsərlərini yaradıb. Onun xəstəliklə çarpışmalarda keçən ömrü 66 yaşında 1996-cı il oktyabın 13-də sona çatıb.

"Hər ikimiz rəssam olduğumuzdan tanışlarımız, dostlarımız da eyniydi. Amma o, dünyasını dəyişəndə bizə elə adamlar gəldilər ki, heç onların çoxunu tanımırdım. Ona görə ki, adamlarla tez dil tapa, ünsiyyət yarada bilirdi. Həyətə düşən kimi uşaqlar, böyüklər onu əhatəyə alırdılar. Hər kəsin dərdinə qalardı. Yaxşı danışmağı, həmsöhbətini ələ almağı, inandırmağı bacarırdı", - Oqtay Sadıqzadə yada salırdı.  

Öz ömrünü böyük məhəbbətlə sevdiyi vətəni Azərbaycanın tarixini, mədəniyyətini əks etdirən əsərlərinin ömrünə qatan Xalq rəssamı Elmira Şahtaxtinskaya rəssamlıq sənətinin əbədiyyət ünvanının sakinidir.

Zöhrə  FƏRƏCOVA,

"Azərbaycan"

Seçilən
18
azerbaijan-news.az

1Mənbələr