AZ

Trampdan Ağ Evin hamamına “qızıl toxunuş”

ABŞ Prezidenti Donald Tramp, 90 min kvadratmetrlik lüks bal zalının inşası ilə bağlı tənqidlərin hədəfinə çevrildikdən sonra bu dəfə də Ağ Evdəki hamamın təmiri ilə mübahisə yaradıb.

Sherg.az xəbər verir ki, Tramp, “Truth Social” hesabında Ağ Evdə yerləşən Linkoln Hamamının tamamilə yeniləndiyini göstərən fotolar paylaşıb.

ABŞ Prezidenti qeyd edib ki, hamam Abraham Linkolnun yaşadığı dövrə uyğun şəkildə qara-ağ mərmərlə bərpa olunub.

Tramp fotolara belə bir şərh əlavə edib:

“Ağ Evdəki Linkoln hamamını yenilədim. 1940-cı illərdə Linkoln dövrünə heç uyğun olmayan art-deko üslublu yaşıl plitələrlə təmir olunmuşdu. Mən isə qara-ağ cilalanmış heykəl mərmərindən istifadə etdim. Bu, Abraham Linkoln dövrünə çox uyğun idi və hətta o vaxt orada olan orijinal mərmər də ola bilərdi...”

Trampın bu paylaşımı hökumətin bir aydır bağlı olduğu, yüz minlərlə federal işçinin işə gedə bilmədiyi, milyonlarla azgəlirli ailənin sosial yardımlardan məhrum qaldığı bir dövrdə etməsi də diqqət çəkib.

Qısa müddət əvvəl Trampın göstərişi ilə Ağ Evdə 90 min kvadratmetrlik yeni bal zalının inşasına da başlanılmışdı.

Trampın fikrincə, Ağ Evin belə bir salona ehtiyacı var. Demokratlar isə bunu “lazımsız” xərcləmə hesab edirlər.
Seçilən
66
sherg.az

1Mənbələr