AZ

MKİ rəhbəri Aİ məmurları ilə gizli görüşüb – “Bizə etibar edə bilərsiniz”

Bu həftə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Rətkliff ölkəsi ilə kəşfiyyat məlumatlarının mübadiləsi ilə bağlı narahatlıqları aradan qaldırmaq üçün avropalı məmurlarla gizli görüşüb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Politico” yazır.

Mənbələrin sözlərinə görə, Brüsselə səfər edən Con Rətkliff orada Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas və Aİ-nin iki kəşfiyyat orqanının rəhbərləri ilə görüşüb.

Mənbələr qeyd ediblər ki, Rətkliff “əsəbləri sakitləşdirmək” və Vaşinqtonun kəşfiyyat məlumatlarının mübadiləsinə sadiqliyini bir daha təsdiqləmək istəyib. Çünki bəzi Avropa paytaxtları ABŞ-nin xarici siyasətinin istiqaməti ilə bağlı narahatlıqlarını ifadə etməyə başlayıb.

Məqalədə deyilir ki, buna Tramp administrasiyasının Ukraynaya münasibətdə qeyri-sabit siyasəti, məsələn, mart ayında kəşfiyyat məlumatlarının mübadiləsinə qəfil son qoyması, həmçinin Trampın tərəfdarlarının təyin olunması yolu ilə kəşfiyyatı siyasiləşdirmək istəyi təsir edib.

Lakin mənbələrin bildirdiyinə görə, Rətkliff müttəfiqlərinə “Siz hələ də bizə etibar edə bilərsiniz” mesajını çatdırmaq istəyib. Tərəflər bu cür görüşlərin mütəmadi olaraq keçirilməsi barədə razılığa gəliblər.

“Politico”ya verdiyi açıqlamada MKİ-nin sözçüsü Liz Layon rəhbərinin Avropa rəsmiləri ilə görüşdüyünü təsdiqləyib. Amma o, bildirib ki, “ABŞ-nin etibarlı tərəfdaş olmadığına dair narahatlıq doğuran istənilən xəbər yalan və reallıqdan uzaqdır”.

Sözçünün sözlərinə görə, bu görüş “Rusiya və Çinin transatlantik təhlükəsizliyə yaratdığı dəyişkən təhdidləri” və həmçinin bu təhdidlərlə mübarizə aparmaq üçün əməkdaşlıq strategiyalarını müzakirə olunması məqsədilə baş tutub.

Xatirə SADİQ

Seçilən
28
nocomment.az

1Mənbələr