AZ

Aqrar sektorda biznes imkanları

Azpost portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Son illərdə Azərbaycanın iqtisadi inkişaf strategiyasında qeyri-neft sektorunun, xüsusilə də aqrar sahənin prioritet istiqamət kimi müəyyənləşdirilməsi bu sahədə biznes üçün yeni imkanlar yaradıb. Kənd təsərrüfatı yalnız ərzaq təminatının əsas sütunu deyil, həm də regionların sosial-iqtisadi inkişafının mühüm hərəkətverici qüvvəsidir. Qlobal miqyasda ərzaq təhlükəsizliyi və iqlim dəyişikliyi kimi problemlərin aktuallaşması fonunda aqrar sektor strateji əhəmiyyətini daha da artırıb.

Azərbaycanın aqrar bazarında son illərdə bir neçə əsas tendensiya müşahidə olunur. Bunlardan biri ixrac yönümlü istehsalın artımı ilə bağlıdır. Xurma, nar, fındıq, üzüm, pambıq və tərəvəz məhsulları kimi məhsullar xarici bazarlarda tanınan “Made in Azerbaijan” brendi altında rəqabət qabiliyyətini artırmaqdadır. Daha bir istiqamət orqanik və ekoloji təmiz məhsullara tələbatın artmasıdır. Daxili bazarda sağlam qidalanma mədəniyyətinin genişlənməsi və Avropa İttifaqı ölkələrinə ixrac imkanları fermerləri orqanik istehsal modellərinə yönəldir. Rəqəmsallaşma və aqrotexnologiyalara da maraq getdikcə artmaqdadır. “Smart kənd”, ağıllı suvarma, dron monitorinqi, sensor əsaslı torpaq analizi kimi texnologiyalar artıq yerli təsərrüfatlarda tətbiq olunmağa başlayıb. Bu, həm məhsuldarlığı artırır, həm də resurs israfını azaldır.

Bütün bunlar hazırda bir sıra investisiya istiqamətlərini aktuallaşdırır. Aqrar sektorun biznes baxımından ən perspektivli istiqamətlərlərindən biri kənd təsərrüfatı məhsullarının emalıdır. Əlavə dəyər yaratmaq üçün emal müəssisələrinin yaradılması prioritetdir. Meyvə-tərəvəz konservləşdirilməsi, süd məhsullarının emalı, taxıl və yağ istehsalı sahələrində daxili bazarda boşluq qalmaqdadır. İxrac yönümlü təsərrüfatların qurulması olduqca perspektivlidir. İxrac bazarlarında dayanıqlılıq üçün sertifikatlaşdırma, qablaşdırma və keyfiyyət standartlarına uyğun istehsal vacibdir. Bu istiqamətdə dövlət dəstəyi və beynəlxalq tərəfdaşlıqlar biznes üçün mühüm üstünlük yaradır.

Aqroturizm və ekoloji təsərrüfatların yaradılmasına böyük təlabat var. Regionlarda kənd həyatına əsaslanan turizm modelləri həm yerli əhalinin gəlir mənbələrini şaxələndirir, həm də kənd infrastrukturunun inkişafına təkan verir. Aqrotexnologiya startapları isə günün tələbidir. Aqrar məlumat sistemləri, məhsul izləmə platformaları, “farm management” tətbiqləri və rəqəmsal logistik həllər investorlar üçün yeni və sürətlə böyüyən bazar yaradır.

Aqrar sektora dövlət dəstəyi və maliyyələşmə imkanlarına nəzər saldıqda, əhəmiyyətli dəstək tədbirlərinin olduğunu görürük. Belə ki, Azərbaycan hökuməti aqrar sektorun inkişafını stimullaşdırmaq məqsədilə bir sıra dəstək alətləri təqdim edir: Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən güzəştli kreditlər və subsidiya mexanizmləri tətbiq olunur. Sahibkarlığın İnkişafı Fondu vasitəsilə istehsal və emal müəssisələrinin maliyyələşdirilməsi həyata keçirilir. Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) üzərindən fermerlərin qeydiyyatı və subsidiyaların şəffaf bölüşdürülməsi icra olunur. Bu mexanizmlər biznesin ilkin kapital baryerini azaltmaqla yanaşı, riskləri də minimuma endirir.

Bununla belə, hazırda aqear sektorda çağırışlar və riskləri də göz önündə tutmaq lazımdır. Sektorun inkişafı ilə yanaşı, bəzi sistemli problemlər də mövcuddur. Məsələn, logistika və soyuducu infrastrukturun məhdudluğu ixrac potensialının tam reallaşmasına mane olur.Texniki bilik və ixtisaslı kadr çatışmazlığı müasir texnologiyaların tətbiqini ləngidir. İqlim dəyişiklikləri və su resurslarının azalması məhsuldarlığa risk yaradır və adaptasiya texnologiyalarına ehtiyacı artırır. Bu problemlərin həlli üçün dövlət, özəl sektor və elmi institutlar arasında daha sıx əməkdaşlıq zəruridir.

Təhlillər göstərir ki, aqrar sektor yaxın illərdə Azərbaycanın iqtisadi artımının əsas drayverlərindən biri olaraq qalacaq. Orta və uzunmüddətli dövrdə emal, ixrac və rəqəmsal kənd təsərrüfatı istiqamətləri ən gəlirli investisiya sahələri kimi qiymətləndirilir.
Rəqəmsallaşma və innovasiyaların tətbiqi sayəsində istehsalın effektivliyi yüksələcək, resurslardan istifadədə səmərəlilik artacaq. Bu da həm daxili ərzaq təhlükəsizliyinə, həm də ixrac gəlirlərinin diversifikasiyasına töhfə verəcək. Azərbaycanın aqrar sektoru artıq ənənəvi təsərrüfat modelindən çıxaraq, innovasiya və yüksək əlavə dəyərə əsaslanan bir mərhələyə daxil olur. Bu mərhələdə biznes üçün əsas meyarlar texnologiya, ixrac, emal və dayanıqlılıq olacaq. Gələcək illərdə bu istiqamətlərdə vaxtında mövqe tutan sahibkarlar bazarda strateji üstünlüyə sahib olacaqlar.

Çinarə Ağayeva,

Biznes məsləhətçi

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
1
azpost.info

2Mənbələr