Daxildəki rəqabət xaricdə xəyanətə çevrilməsin!
Türkiyənin süni gündəmində son zamanlar Ərdoğandan sonra Ədalət və İnkişaf Partiyasına kimin rəhbərlik edəcəyi barədə müzakirələr aparılır.
Xüsusilə müxalifət tərəfindən gündəmdə saxlanılan bu məsələ, əslində hakim partiya kuluarlarına da yad deyil.
Ədalətli şəkildə baxdıqda, hüquq və demokratiya mədəniyyəti çərçivəsində, Türkiyə kimi köklü dövlət təcrübəsinə malik bir ölkədə bu cür proseslərin yaşanması tamamilə normaldır.
Zatən Prezident Ərdoğan da dəfələrlə vurğulayıb ki, nə məqamlar, nə də bu fani dünya heç kim üçün əbədidir.
Şəxsi fikrim olaraq (Allah ona sağlam və uzun ömür versin) — gecə-gündüz çalışan, olduqca dinamik bir prezident vəzifəsinin başındaykən belə müzakirələrdən tərəfdar deyiləm.
Bəs niyə durduğum yerdə bu mövzuya toxunmaq ehtiyacı hiss etdim, deyənlərə izah edirəm:
Prinsip etibarilə daxili siyasət müzakirələrinə və şərhlərinə mümkün qədər qarışmadığım həm ictimaiyyət, həm də diqqətli sosial media istifadəçiləri tərəfindən yaxşı bilinir.
Ömrüm boyu can Azərbaycanımla ürək Türkiyəm arasında körpü rolunu oynamağa, bu iki qardaş ölkə arasında əlaqələri möhkəmləndirməyə çalışmışam.
Bu kimliklə hər iki ölkə ictimaiyyətində qəbul olunmağım məni qürurlandırır.
İstər elmi fəaliyyətimdə, istərsə də televiziya çıxışlarımda iki ölkə arasındakı münasibətlərin siyasətdən üstün olduğunu hər zaman vurğulamışam, çünki hökumətlər dəyişir, dövlətlər qalır.
Amma son zamanlar daxili siyasi mübahisələrə bilərəkdən, dolayı yollarla, müxtəlif bəhanələrlə can Azərbaycanı və onun Qarabağ Fatehi, Müzəffər Ali Baş Komandanı İlham Əliyevi cəlb etmək cəhdləri artıq səbir kasasını daşıran son damla oldu.
Azərbaycan – Türkiyə ilə dünyada bənzəri olmayan qardaşlığı, Türk Dövlətlərinə nümunə olan müttəfiqliyi yaşadan və yaşadan örnək dövlətdir.
Can Azərbaycan iki ölkə arasındakı siyasi, iqtisadi və mədəni münasibətlərdə qardaşlıq hüququnu sözlə deyil, əməldə, sonadək tətbiq edir.
Türkiyəyə verilən təbii qaz və neft məhsullarının qiymətinin Azərbaycan vətəndaşlarının ödədiyindən daha aşağı olduğunu bilmədən İlham Əliyevə və Azərbaycan dövlətinə qarşı sərsəm hücumlar edənlərin xəbəri belə yoxdur.
Türkiyə tarixində ən böyük xarici sərmayəçi və on minlərlə insana iş imkanı yaradan da məhz Azərbaycan Dövlət Neft Şirkəti — SOCAR-dır.
İki ay əvvəl Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz bəyan etmişdi:
“18 milyard dollardan çox sərmayə ilə ölkəmizdə ən çox yatırım edən xarici şirkət SOCAR-dır. Üstəlik, 7 milyard dollarlıq yeni sərmayə planı da var.”
Can Azərbaycanın 3 min şəhid verərək qələbə ilə taclandırdığı 44 günlük Vətən müharibəsində Türkiyənin dövlət və xalq olaraq göstərdiyi mənəvi və diplomatik dəstək ortaq tariximizin qızıl səhifəsidir.
1918-ci ildə Bakının azadlığı uğrunda Azərbaycan ordusu ilə çiyin-çiyinə döyüşərək şəhid olan 1130 Mehmetcikin qəhrəmanlığı kimi, bu gün yaşanan gözəlliklər də gələcək nəsillər üçün mənəvi mirasdır.
Heydər Əliyev və Süleyman Dəmirəl dövrlərindəki yüksək səviyyəli münasibətlər, hazırda Ərdoğan və Əliyev dövrlərində daha da zirvəyə çatmışdır.
Türkiyədə ilk azərbaycanlı rektor kimi fəaliyyət göstərmiş, daha sonra Prezident Ərdoğanın rəhbərlik etdiyi Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, həmçinin hər iki dövlət başçısının fəxri rəhbərliyi altında fəaliyyət göstərən Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri kimi həm Ankarada, həm Bakıda, həm də Qarabağda rəsmi nümayəndə heyətlərində olmuş bir şəxs kimi deyirəm:
İki lider arasında olan səmimiyyət, qardaşlıq və qarşılıqlı inam bütün dövrlərin ən mükəmməl səviyyəsindədir. “Bir millət, iki dövlət” fəlsəfəsi bütün sahələrdə tam hakimdir.
Amma… məni bu yazını yazmağa vadar edən “amma”lar üzərində dayanmaq vacibdir.
Təəssüf ki, hər iki tərəfdə bu möhtəşəm birliyi həzm edə bilməyən, fitnə-fəsadla ortalığı qarışdırmaq istəyən xainlər az deyil.
Xüsusilə Türkiyədə — mediada rəng dəyişən buqələmunlar, Azərbaycan əleyhinə sistemli nifrət yayan yalan xəbərlərlə cəmiyyəti kinə və nifrətə sürükləməkdən çəkinmirlər.
Bəziləri utanmadan Azərbaycanı “Qafqazın İsraili” adlandırır, İlham Əliyevə qarşı alçaq böhtan kampaniyaları aparırlar.
Halbuki Azərbaycan çoxdinli, çoxmədəniyyətli, çoxmillətli birgəyaşayış ənənəsini qoruyan nadir ölkələrdəndir.
Asiya ilə Avropa arasında strateji məkanda yerləşən, 150 ildən artıq sənaye cəmiyyəti olan bu ölkə tolerantlıq mədəniyyətini həyat tərzinə çevirmişdir.
Burada müsəlmanlarla yanaşı, xristianlar, yəhudilər və digər etnik icmalar sülh içində birgə yaşayır, “dövlət millətçiliyi” bayrağı altında vətənə xidmət edirlər.
Birinci və İkinci Qarabağ müharibəsində yalnız Azərbaycan türkləri deyil, digər etnik və dini icmalara mənsub vətəndaşlar da vətən uğrunda can verdilər. Onların xatirəsi əbədi hörmətlə yad edilir.
Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin iştirakı ilə beynəlxalq konfranslar, dini forumlar illərdir keçirilir.
Bakının mərkəzində məscidlə kilsə, sinaqoq yan-yana ucalır və hər kəs öz ibadətini azad yerinə yetirir.
Azərbaycan — Qafqaz Müsəlmanları İdarəsinin yerləşdiyi ölkə olaraq İslam Əməkdaşlıq Təşkilatında ən fəal iştirakçılardan biridir.
Prezident İlham Əliyev, Prezident Ərdoğan kimi, islamofobiya anlayışını beynəlxalq səviyyədə ən çox gündəmə gətirən liderlərdəndir.
30 il işğal altında olan Qarabağda 67 məscidin demək olar hamısının dağıdıldığını, Ağdam məscidinin donuz axırına çevrildiyini BMT kürsüsündən dünyaya bəyan edən Əliyevi “dinsizlikdə” suçlayanların vicdanı kömür kimidir.
Türkiyədə anti-Azərbaycan təbliğatı aparanların çoxu dünənədək Pensilvaniyada “fıntırıqlı hocalarının ibriyini daşıyan” çevrələrdəndir. Digərləri isə dini fanatizm adı altında İslama ən çox zərər verən, Türk dünyasından nifrət edən və dini şəxsi maraqlarına alət edən devşirmələrdir.
Bunlara əlavə olaraq, dünənədək “Kipr Türk ordusu tərəfindən işğal olunub” deyən, hər dövrün “istifadə olunan aparatları” da indi Azərbaycan əleyhinə çıxıblar.
PKK simpatizanlarından tutmuş radikal solçulara, oradan da müxtəlif mənfəət şəbəkələri ilə birləşmiş ifrat sağçılara qədər — hamısı bu xain təbliğatın içindədir.
Onların dərdi nə Qəzzadır, nə din, nə də mənəviyyat! Onların əsas məqsədi Türkiyə ilə Azərbaycanın arasını vurmaqdır.
Zəngəzur dəhlizi haqqında Vaşinqtonda imzalanan sənəddən sonra bu “güruh” Azərbaycanı “Türkiyəni Amerikaya satmaqda” suçladı, cəmiyyəti qızışdırmaq istədi.
Sosial mediada trol dəstələri Azərbaycanı, dövlət başçısını, hətta şəhidləri təhqir etdilər.
Halbuki həm Prezident, həm də XİN “bu prosesin hər mərhələsi qardaş Azərbaycanla məsləhətləşilərək aparılıb” bəyanatı vermişdi. Amma bu “üzsüz taifə” yenə dayanmadı.
Türkiyə və Azərbaycan dövlətləri bir-birinin daxili siyasətinə qarışmadığı halda, “kraldan çox kralcı” çevrələr özlərini “ucuz qəhrəman” kimi göstərməyə çalışırlar.
Azərbaycan xalqı və dövləti Fələstin məsələsində Türkiyənin həssaslığını çox gözəl anlayır.
Türkiyə — bir imperiyanın varisidir. Azərbaycan torpaqları işğal altındaykən belə, Türkiyədə erməni əsilli deputatların olması anlayışla qarşılanıb, heç vaxt daxili siyasətə müdaxilə edilməyib.
Eyni şəkildə Türkiyə, uğurlu çoxvektorlu siyasəti sayəsində bölgənin aparıcı gücünə çevrilən Azərbaycanın Rusiya, İran və İsrail siyasətinə fərqli baxışlarını da anlayışla qarşılayır.
Beləliklə, iki ölkə arasında dövlət səviyyəsində münasibətlər dostları sevindirəcək, düşmənləri üzəcək qədər möhkəmdir.
Bəs o zaman, bəzilərinin “qarın ağrısı” nədir?
Kimlərdir Azərbaycan prezidentini və bütövlükdə Azərbaycan türklərini Türkiyədə hədəfə alanlar?
Bayraktar İHA-larının yaxın zamanda Azərbaycanda istehsalına başlanılması kimisə narahat edibmi?
Yoxsa son illərdə Bakıda keçirilən Respublika bayramlarına Ərdoğan ailəsindən qatılanların olması kimlərinsə yuxusunu qaçırıb?
Ərdoğanın “Can Azərbaycan’ın can prezidenti, dəyərli qardaşım İlham Əliyev” deyərək səmimi şəkildə qucaqladığı bir liderə “iqtidar mediasında mövqe tutan” bəzi şəxslərin ağır təhqirlər yönəltməsi ustalıqla qurulmuş oyunun göstəricisidir.
Ərdoğan İlham Əliyevi “Müzəffər Ali Baş Komandan”, “Zəfərin memarı” adlandırır, amma həmin media dairələri onu “Kafkasya’dakı İsrail”in rəhbəri kimi təqdim edir.
Bu, sadəcə təxribatdır.
Ərdoğanın sevgi və hörmətlə bəhs etdiyi bir dövlət başçısına qarşı belə yazılar yazmaq nə diplomatik, nə mənəvi, nə də milli baxımdan qəbul edilə bilər.
Əgər eyni hadisə Azərbaycanda Türkiyə liderinə qarşı yaşansaydı, bizim reaksiyamız necə olardı?
Xatırlayın, 2022-ci ildə İsrail prezidenti Hersoq Ankaranı ziyarət etdikdə, Azərbaycan nə iqtidar, nə müxalifət, nə də media səviyyəsində bircə tənqidi cümlə işlətmədi.
Çünki hər kəs anlayır ki, beynəlxalq münasibətlərdə əbədi düşmənlik və dostluq yoxdur — istisna: Türkiyə və Azərbaycan.
Aliyev haqqında sərsəm ifadələr işlədənlər, Hersoqun ziyarətində “sus pus” idilər.
Bu, daxili hesablaşmaların, iqtidar uğrunda yarışın, “Ərdoğan sonrası” dövrə erkən hazırlıqların nəticəsidir.
Amma bu mədə bulandırıcı oyunlara Azərbaycan–Türkiyə qardaşlığını alət etmək – alçaqlıqdır.
Bu, təkcə səviyyəsizlik deyil, xəyanətdir.
İki ölkə arasındakı diplomatik münasibətləri bilərəkdən gərginləşdirmək planıdır.
Prezidentə yaxın media qurumlarında özlərinə mövqe qazanmış bəzi şəxslər necə olur ki, Ərdoğanın ən etibarlı dostu, sevdiyi Azərbaycan Prezidentinə “Biz adamı belə rəqs etdirərik!” kimi ifadələr işlədə bilir?
Siz kimsiniz? Siz kimi təmsil edirsiniz? Kim sizə Türkiyə adından danışmaq səlahiyyəti verib?
Ərdoğanın dediklərinin tam əksi olan bu ifadələr kimə xidmət edir?
Bu vəziyyəti biz necə izah edəcəyik – həm İlham Əliyevə, həm də onun ətrafında “dəmir yumruq” kimi birləşmiş Azərbaycan xalqına?
Unutmayaq, Əliyev demişdi:
“Ciddi bir məsələ olarsa, ilk zəng edəcəyim şəxs qardaşım Ərdoğan olar.”
İndi isə eyni Əliyev və Azərbaycan xalqı haqqında “hakimiyyətə yaxın” mediada təhqiramiz ifadələr səsləndirilir.
Bu, xəyanətdir.
Əsrələr boyu bir-birinə can vermiş, qanıyla, ruhuyla bir millət olmuş iki xalqın müqəddəs qardaşlığını tapdalamaq necə cəsarətdir?
Türkiyədə anti-Azərbaycan təbliğatı aparanlara qarşı dövlət orqanları tədbir görməyəcəkmi?
Daxildə göstərilən prinsipiallıq qardaş dövlətimizə yönələn açıq hücumlarda da göstərilməlidir.
Azərbaycan xalqının mənə ünvanladığı haqlı etirazlara cavab verməkdə çətinlik çəkirəm.
Ölkəm adından utanıram.
Məsul şəxslər barədə “kin və nifrət” cinayəti üzrə hüquqi tədbirlər görülməsi üçün aidiyyəti orqanları hərəkətə keçməyə çağırıram.
Türkiyə–Azərbaycan qardaşlığını bıçaqlamaq istəyənləri lənətləyirəm!
Can Azərbaycanla ürək Türkiyə arasındakı qardaşlıq, oyun içində oyun quranların arzularını kursaqlarında qoyacaq qədər güclüdür — sarsılmaz və əbədidir.
Boşuna çabalaymayın, ey tülkü kimi gizlənənlər — ətin dırnaqdan ayrılması mümkün deyil!
Ərdoğan da, Əliyev də sizin oyunlarınıza uymayacaq qədər təcrübəli liderlərdir.
Türkiyə də, Azərbaycan da düşündüyünüzdən çox daha möhkəmdir.
“Atalar demiş: milçək bir şey deyil, amma ürək bulandırar.”
Bu səbəbdən biz ata nəsihətinə əməl edərək,
can-ciyər olduğumuz qardaş Azərbaycanla Türkiyə arasında heç bir mənfi təəssüratın yaranmasına imkan verməyəcəyik.
Son cümləm: Prezident seçkilərinə hələ çox var. Avropalı liderlərin Türkiyəni böhran həll edən bir ölkə kimi ziyarətə tələsdiyi, Zəngəzur dəhlizi ilə bağlı İlham Əliyevlə əlaqə qurmaq üçün yarışdığı bir zamanda öz-özümüzə düşmən sevindirməyək.
Dədə Qorqudun nəsihətini unutmayaq:
“Xəyanət içəridən olarsa, qapı kilid tutmaz, qardaş!”
Daxildəki kreslo sevdası xaricdə xəyanətə çevrilməsin!
Bu gün bir olma, iri olma, diri olma günüdür!
Can Azərbaycan’a və onun Türkiyədə çox sevilən Müzəffər Ali Baş Komandanına salam olsun!
Ürək Türkiyəmizə və onun uğurlu lideri Ərdoğana da uğurlar olsun!
Prof. Dr. Aygün Attar
Musavat.com